Mehriban dostların düşmənçiliyi davam edir
20:39 17-07-2013
CƏMİYYƏT
Mehriban dostların düşmənçiliyi davam edir
Sözün düzü, siyasi proseslərdən yazan jurnalist həmkarlarım (həm müxalifət düşərgəsinə, həm də iqtidar düşərgəsinə mənsub olanlar) artıq AXCP-Müsavat münasibətlərindən yazmaqdan bıqıblar. Həm də əməlli-başlı şəkildə. Bu mövzuda yazmaq maraqlı olardı, ancaq bircə şərtlə... Şərti də budur ki, bu partiyalar istər qarşılıqlı münasibətlərində, istər digər siyasi partiyalarla qarşılıqlı münasibətlərində, istərsə də, cəmiyyətimizin məlum sosial-siyasi-iqtisadi problemlərinə yanaşmada yeni və orijinal bir yanaşma sərgiləyə bilsəydi... Amma ortalıqda bunu görmürük. Görmədiymizə görə də bu qurumlar barədə yazmaq, sadəcə, maraq doğurmur...
Bununla belə, bu qurumlar yenə də bir-birlərindən əl çəkmirlər. Yeri gəldi-gəlmədi, bir-birlərinə altdan və üstdən döşəyirlər. Olar ictimai palata adlanan qurumu xaraba qoyub Milli Şuraya üz tudular. Amma şakərlərini də dəyişdirmədilər. Yenə də altdan və üstdən...
Müsavatın funksionerləri hesab edirlər ki, AXCP funksionerləri ara qatmaqla məşğuldurlar. Facebook sosial şəbəkəsində Müsavatın qərarlarını təftiş etməklə məşğuldurlar, az qala hansı rayon təşkilatımızda nə vaxt iclas keçirməyi məsləhət görmək istəyirlər.
Və müsavatçılar hesab edirlər ki, bu, müttəfiqliyə sığmayan hərəkətlərdir. Milli Şura yarananda da belə hərəkətlərə yol verilməməsi haqda ümumi razılıqlar var idi.
Tanınmış müstəqil politoloq Zərdüşt Əlizadənin "Unikal"a söylədiyinə görə, "İqtidar mənsubları demişkən, "AXCP-Müsavat cütlüyü"nün tarixi bir dərdi var - böyüklük iddiası. Bu iddia çox gözəl iddiadır... Amma əsası olsa... Dərd də burasındadır ki, bu böyüklük onların heç birində yoxdur. Eyni köynəkdən, yəni AXC-nin içindən çıxsalar da, onlar keçmişin siyasi-psixoloji ətalətindən can qurtara bilmirlər. Bu ətalət nədir? Birincilik maniyası".
Politoloq hesab edir ki, "Həm AXCP, həm də Müsavatın həm liderləri, müxalifət-müxalifət oyunu oynamaqla məşğuldurlar. Çünki hər ikisi müxalifət-iqtidar oyununu oynaya bilmir. Ona görə də bir-birlərilə məşğuldurlıar. Onlar bunu da çox yaxşı bilirlər ki, heç zaman iqtidara gələ bilməyəcəklər. Çünki onların zamanı çoxdan bitib, qatarları çoxdan keçib gedib və hakimiyyətə aparası biletləri əllərində qalıb. Bəs indi bu vəziyyətdə onlar neyləməlidirlər? Müxalifət-müxalifət oyununu davam etdirməlidirlər. Çünki bundan başqa çıxış yolları yoxdur. Birinci növbədə ona görə ki, bu adamlar da cəmiyyətin digər üzvləri kimi ailə sahibidirlər və bu ailəni hans pullasa dolandırmalıdırlar. Beləcə, müxalifətçilik onların gəlir və dolanışıq yerinə çevrilib. İctimai rəydə, gündəmdə qalmaq üçün kimlərisə, nələrisə hərdənbir tənqid etməlidirlər".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Unikal"a bildirdiyinə görə, "AXCP və Müsavat partiyaları cüzi zaman fərqi ilə siyasət meydanına çıxsalar da, elə ilk anlardan barışmaz şəkildə bir-birlərinə qarşı mübarizə aparırlar. Unutmayaq ki, Azərbaycanda milli-azadlıq və demokratik hərəkatın konkret təzahürü kimi meydana çıxmış Elçibəy hökuməti məhz bu iki siyasi qüvvənin törətdiyi intriqaların güdazına getdi. Eyni proses indi də davam edir. Bu gün Azərbaycandakı müxalifət qurumlarının birliyi məhz bu iki partiyanın sayəsində mümkün olmur. Onlar sanki qəti şəkildə and içiblər və yaxud kiməsə söz veriblər ki, müxalifət partiyalarının birləşməsinə imkan verməyəcəklər".
Partiya sədrinin sözlərinə görə, "AXCP və Müsavat Azərbaycan cəmiyyəti və tarix qarşısında öz məsuliyyətlərini anlaya bilsəydilər, bu cəmiyyət və bu müxalifət indiki durumda olmazdı. Mən bu sözləri dəfələrlə demişəm və indi bir daha təkrar edirəm ki, hazırda Azərbaycanda təfəkkürcə və ruhca demokratik olmayan şəxslər və siyasi qurumlar özlərini demokratiya mücahidi kimi qələm verir və bəyan edirlər ki, Azərbaycan cəmiyyətinin demokratikləşməsi uğrunda mübarizə aparırlar. Nəticədə də hazırda gözümüzün qarşısında olan anormal bir situasiya formalaşır".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49