Rüstəm İbrahimbəyov müəmması
20:41 17-07-2013
CƏMİYYƏT
Rüstəm İbrahimbəyov müəmması
Rüstəm İbrahimbəyov Azərbaycan xalqına arxalanmır, AXCP-Müsavat savaşı isə "Milli Şura"nı parçalanmaya sürükləyir
Prezident seçkilərinə "vahid namizəd"lə qatılmaq arzusunda olan "Milli Şura" adlı qondarma qurumda vəziyyət get-gedə mürəkkəbləşir. Həm Müsavat başqanı İsa Qəmdərin hələ də alternativ namizəd kimi qalması, həm AXCP-Müsavat qarşıdurması, həm də "şura"nın sədri Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı bu qurum daxilində müəmmaları, şübhələri artırıb.
Maraqlıdır ki, R.İbrahimbəyov bir tərəfdən ikili vətəndaşlıq problemini həll etməyə çalışsa da, digər tərəfdən Avropada dəstək axtarışındadır. Hələ üstəlik "Milli Şura"nın İcra Aparatının və "El" hərəkatının sədri, reneqat Eldar Namazovun ABŞ-a səfərini təşkil edir. Guya E.Namazov bu gün ABŞ Konqresində keçiriləcək dinləmələrdə iştirak edəcək, həmçinin ABŞ-da bir sıra görüşlər keçirəcəyi də gözlənilir. Azərbaycanın milli maraqlarını şəxsi ambisiyalarına qurban edən bu insanlar bir daha sübut etdilər ki, xarici havadarlarının tapşırıqlarını yerinə yetirirlər. Belə görünür ki, Rüstəm İbrahimbəyov üçün Azərbaycan xalqının səsvermə yolu ilə özünə prezident seçməsi onları maraqlandırmır. Yəni, xalqın səsi onlar üçün önəmli deyil!
Ancaq bu insanlarla müttəfiqlik nümayiş etdirən Müsavat başqanı İsa Qəmbər isə deyir ki, Azərbaycan xalqının xoşbəxtliyi üçün həqiqətə, haqqa və xalqa xidmətdən başqa bir yol yoxdur. Maraqlıdır, bu qüvvələr seçkiyə necə "vahid namizəd"lə gedəcək?
Bütün bunlarla yanaşı, prezident seçilmək üçün xaricdə dəstək axtaranların deyəsən Azərbaycandan xəbərləri yoxdur! "Milli Şura" daxilində baş verən açıq savaş artıq rəhbərlik səviyyəsinə çatıb. Əvvəllər AXCP və Müsavat üzvləri sosial şəbəkələrdə, qəzetlərdə bir-birinin ünvanına sərt ifadələr işlədirdilərsə, artıq rəhbərlər də işə qarışıblar. Məsələyə İsa Qəmbərin reaksiyası belə olub: "Müsavata qarşı hədyanlar o həddə çatıb ki, guya bizim mövqeyimiz hakimiyyətə ismarıcdır - Rüstəm İbrahimbəyovu qeydə almayın, bizi alın. Bu cür danışanlara demək istəyirəm ki, özlərini toparlasınlar. Bizim də deməyə sözümüz çoxdur". Yəni, İsa Qəmbər cəbhəçilərə xəbərdarlıq edərək onları qorxutmaq istəyib. Belə görünür ki, cəbhəçilər də geri çəkilən deyillər. Onlar dolayı yolla Müsavat Partiyasının prezident seçkiləri ilə bağlı qəbul etdiyi qərarın ləğv olunmasını istəyirlər. Belə aydın olur ki, AXCP Rüstəm İbrahimbəyov olmadığı təqdirdə, İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləməyəcək. Dəfələrlə söylənildiyi kimi, bir-biri ilə "mehriban düşmən" kimi davranan AXCP ilə Müsavat Partiyası arasında baş verən bu qalmaqal yaxın zamanlarda "Milli Şura"nı parçalayacaq. Onu da qeyd edək ki, cəbhəçilərin əksəriyyəti ikili vətəndaşlığı olan R.İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə, seçkinin boykot edilməsinin tərəfdarıdırlar. Ancaq Müsavat başqanı bu fikirdə olanlara mesaj göndərməklə hətta imzatoplama kampaniyasında cəbhəçilərə ehtiyac duymadığını dilə gətirib: "Müsavat Partiyası Rüstəm İbrahimbəyovun namizədliyi üçün 40 min imzanı təkbaşına da toplaya bilər. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə, "Milli Şura"nın "ehtiyat" namizədi olmalıdır. Biz demirik ki, bu, mütləq Müsavatın namizədi olsun. Bu, "Milli Şura" üzvü olan, heç bir siyasi mənsubiyyəti olmayan nüfuzlu ziyalılardan biri də ola bilər. Hakimiyyətə gəlmək istəyən qüvvələr mütləq seçkilərdə iştirak etməlidir. Bunun əksini düşünənlərin, boykot haqqında danışanların səviyyəsinə, ya da səmimiyyətinə şübhə yaranır".
Bu azmış kimi, Müsavat Partiyası yeni qərar qəbul edib. Müsavatın qərarına əsasən, seçkilərlə bağlı son qərarı başqan İsa Qəmbər və Müsavat Divanı verəcək.
Eyni zamanda, partiyanın Sumqayıt şəhər təşkilatında partiyanın prezidentliyə namizədi İsa Qəmbərin 11 nəfərdən ibarət Sumqayıt seçki qərargahı yaradılıb və üzvlər arasında iş bölgüsü aparılıb.
Bütün bunlar "Milli Şura"nın bir çox üzvünü hiddətləndirib. Artıq məsələyə hazırda xaricdə məskunlaşmış, Açıq Cəmiyyət Partiyasının (ACP) "lideri", reneqat Rəsul Quliyev də münasibət bildirib. Onun sözlərinə görə, seçkilərdə Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, "Milli Şura" adından kiminsə seçkidə iştirakı yolverilməzdir.
Bütün baş verən proseslər bir daha dağıdıcı müxalifətin əsl simasını göstərir. Bu partiyaların məqsəd və məramı yalnız zor gücü, dağıdıcılıq, pozuculuqdur. Ona görə də "Milli Şura"nın ömrünə çox az qalıb desək, yanılmarıq. Artıq qondarma qurumun divarları çat verir. Bu gün "Milli Şura" adı altında meydana atılan qüvvələrin xalqın dəstəyindən məhrum olduqları gerçəklikdir. Ona görə də xarici havadarlarına sığınıb onların tapşırıqları əsasında iş görürlər. Baş verənləri isə Azərbaycan xalqı seyr edir, nəticə çıxarır və qiymətləndirir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33