Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan və Qazaxıstanda 6 gün ərzində Reanimasiya şöbəsində müalicə olunan 3 Azərbaycan vətəndaşı təcili tibbi yardım briqadası tərəfindən "Yeni Klinikaya" təxliyə olunub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov xəsarət alan vətəndaşlarımızı ziyarət edib, onların səhhəti ilə maraqlanıb.

Hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostik muayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müaviq şöbələrə yerləşdirilməsi təmin olunacaqdır.

***

Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib ki, dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alan 17 Azərbaycan vətəndaşından 3-ü müalicələrini Qazaxıstanda davam etdirirdilər. Nazir qeyd edib ki, qazaxıstanlı həmkarların çevik və peşəkar yanaşması nəticəsində onların bu gün Bakıya təxliyə məsələsi müzakirə olunub:

"Prezident İlham Əliyevin göstərişi ilə iki xüsusi tibbi təyinatlı təyyarə Aktau şəhərinə yollanıb. Hazırda həmin üç Azərbaycan vətəndaşı Bakıya gətirilib və müalicələrini “Yeni Klinika” tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirirlər. Onların hamısının vəziyyəti ağır-stabildir. Xəsarət alan 17 nəfərdən doqquzu bu gün evə buraxılıb. Hazırda reanimasiyaya üç nəfər yerləşdirilib, beş nəfər isə stasionar şəraitdə müalicə alır".

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov isə bildirib ki, “Yeni Klinika”da müalicə alan doqquz yaralı evə buraxılıb:

"Onların müalicəsi ev şəraitində davam edəcək. Evə buraxılanların durumu yaxşıdır. Bu gün Qazaxıstandan gətirilən üç yaralının durumu isə sabitdir”.