Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Xidmətdən "Unikal"a verilən xəbərə görə, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

***15:00

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 14:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Xidmətdən "Unikal"a bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir.

Xidmət rəisi Nazim Mahmudov küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”, - o deyib.