31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birlik, həmrəylik və mənəvi bağlılığını təcəssüm etdirən əlamətdar bir tarixdir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə təsis edilən bu bayram, həmçinin Azərbaycan xalqının milli azadlıq mübarizəsinin və mənəvi dirçəlişinin simvoluna çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə qəbul edilən bu qərar dünya azərbaycanlılarının birliyi və təşkilatlanması prosesində mühüm bir mərhələ olmuşdur.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm təməl yaratmışdır:
"Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra hərtərəfli islahatların həyata keçirilməsi üçün əsas təməl yaradan qanunvericilik bazası, xüsusilə ölkənin yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi qarşıda duran ən mühüm prioritetlərdən biri idi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minmişdir. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd ölkəmizin hüquqi əsaslarını müəyyən edərək demokratik idarəetmə və insan hüquqlarının təmin olunmasına zəmin yaratmış, eyni zamanda, Azərbaycan dövlətinin inkişafı və sabitliyi üçün mühüm bünövrə rolunu oynamışdır.
2002, 2009 və 2016-cı illərdə edilən dəyişikliklər Konstitusiyanı müasir dövrün tələblərinə uyğunlaşdırmış, hüquq və azadlıqları daha da genişləndirmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insan hüquqlarının qorunması baxımından əhəmiyyətli addımlar olmuşdur.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki Qələbəmizin 5-ci ildönümünü əhatə edir. 2020-ci ilin İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü və birlik ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu müharibənin nəticələri ölkənin siyasi və iqtisadi inkişafında yeni bir dövrün başlanğıcı olmuş, xalqımızın milli birlik və həmrəyliyi isə Azərbaycanın suverenliyinin təməlini təşkil etdi. Bu tarixi Qələbə dövlətin hərbi-siyasi qüdrətini, xalqın isə öz dəyərlərinə və Liderinə bağlılığını əks etdirən bir göstərici oldu.
“Konstitusiya və Suverenlik İli”nin elan edilməsi bir neçə istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Hüquq və azadlıqların təbliği, vətəndaşların hüquqi bilik səviyyəsinin artırılması, xalqın hüquqi və dövlətçilik dəyərlərinə sadiqliyinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndirilməsi bu təşəbbüsün əsas məqsədlərindəndir. Bu addımlar Azərbaycanın gələcək inkişafı üçün hüquqi və demokratik dəyərləri gücləndirmək, milli həmrəyliyi möhkəmləndirmək məqsədini daşıyır. Bu il ərzində həyata keçiriləcək islahatlar Azərbaycanın dövlət quruculuğu, hüquqi şüurunun inkişafı və milli suverenliyin qorunması baxımından əhəmiyyətli rol oynayacaq. “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və hüquqi əsaslarını möhkəmləndirən yeni bir səhifə açır".