Sumqayıt istiqaməti üzrə bizim 594 və 595 nömrəli marşrutlarımız fəaliyyət göstərir. Gün ərzində hər iki marşrutla 12 minə yaxın sərnişin daşınır. Bu, yalnız Sumqayıt üzrə gedən marşrutlarda daşınan sərnişinlərin sayıdır.
"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Sumqayıt, Xırdalan və Masazır istiqamətindən hərəkət edən avtobusların 20 Yanvar metrostansiyası ətrafında yaratdığı sıxlıq problemi uzun müddətdir şəhər nəqliyyatını narahat edən məsələdir.
“Burada qanunsuz daşımalar problemin yaranmasına şərait yaradır. Ona görə də, 508 saylı yeni marşrut Saray istiqamətində sərnişindaşıma ilə məşğul olur. 1 həftə ərzində bu marşrutla daşınan sərnişinlərin sayı artıq 6 mini ötüb. Görünən odur ki, bu istiqamətdə gedən sərnişinlərin sayı daha çoxdur və ona görə də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Bura dəmir yolunun inkişaf etdirilməsi, yol qovşaqları, yeni yolların inşası da aiddir”, - deyə nazir müavini bildirib.