Cinayət mühakimə icraatı zamanı dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulan məbləğin azlığı göstərilən hüquqi yardımın keyfiyyətinə mənfi təsir göstərir.

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində qeyd edilib.

Məruzədə bildirilib ki, qanunvericiliyə əsasən Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqq 6 manat məbləğində müəyyən edilib.

“Bu baxımdan yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin Qərarının 1-ci bəndində nəzərdə tutulan hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən məbləğin artırılması təklif olunur.

Bununla yanaşı, həmin Qərarın 2-ci və 3-cü bəndlərində cinayət mühakimə icraatı zamanı görülən işin müqabilində tərcüməçiyə, mütəxəssisə və ya ekspertə hər iş saatı üçün nəzərdə tutulmuş məbləğə (0,35 manat) yenidən baxılması da məqsədəmüvafiq hesab olunur”, - deyə məruzədə vurğulanıb.

Anar Kəlbiyev