Martın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Sütəmurdov kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbulda  icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.  

Lənkəran ŞİH başçısı səyyar görüş-qəbulun Od çərşənbəsinə təsadüf etdiyini, Sütəmurdov sakinlərinin timsalında bütün lənkəranlıların Günəşin oyanışını, torpağın isinməsini və təbiətin canlanmasını simvolizə edən Od çərşənbəsi münasibətilə təbrik edib. 

Taleh Qaraşov çıxışında ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verilib. Onun sözlərinə görə, yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulmasında məqsəd insanların ümumi və şəxsi problemlərinin dinlənilməsi, onların həlli istiqamətində operativ və nəticəyə yönəlik addımların atılmasını təmin etməkdir. 
Taleh Qaraşov bildirib ki, insanlarla birbaşa dialoqun qurulması, qarşılıqlı etimadın gücləndirilməsi və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsi bu gün prioritet məsələlərdəndir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaş müraciətlərinə həssaslıqla yanaşdıqlarını vurğulayan ŞİH başçısı səyyar qəbulda qaldırdıqlan məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.

Taleh Qaraşov yerli sakinlərin şəxsi və ümumi problemlərini dinləyib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, digər məsələlər barədə aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlərin ünvanlanması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsini səlahiyyətli şəxslərə tapşırıb.

Yerli sakinlər səmimi və açıq qəbula görə məmnunluqlarını ifadə ediblər. Sütəmurdov kəndinin sakinləri dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına, müavinətlərin və maaşların hər il artırıldığına,  müraciətlərinə obyektiv və operativ baxıldığına, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyinə görə dərin və səmimi minnətdarlıqlarını bildiriblər.