"Naxçıvan şəhərinin ictimai nəqliyyat sisteminin yenilənməsi ilə bağlı dünən verilən Prezident sərəncamı bir neçə maraqlı detalı ilə diqqətəlayiqdir. Sərəncamın uğurla icrası Naxçıvanda  ekoloji təmiz, dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması ilə yanaşı, bir sıra məqamları ilə əlamətdardır".

"Unikal" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, ilk dəfədir ki, paytaxt Bakıdan kənar bir şəhərimizin ictimai nəqliyyatının yenidən qurulması istiqamətində belə ciddi addım atılır, dövlət tərəfindən kifayət qədər sanballı vəsait qoyulur:

"Sərəncam tam icra edildikdən sonra Naxçıvan şəhərdaxili ictimai nəqliyyatı tam ekoloji təmiz nəqliyyat vasitələrindən (elektrobuslardan) ibarət olan ilk şəhərimiz olacaq. Sərəncamın icra edilməsi ilk dəfə “BakuBus” MMC-nin Bakıdan kənarda bir şəhərdə ictimai nəqliyyat xidməti göstərməsi demək olacaq. Güman edirəm ki, bu, təşkilati-hüquqi forma olaraq “BakuBus”ın törəmə müəssisəsi və ya filialı (şöbəsi) kimi fəaliyyət göstərəcək. Bu sərəncam həm də ölkəmizdə elektrobusların istehsalına (yığım yolu ilə olsa da) ciddi stimul olacaq. Güman edirəm ki, Naxçıvan üçün tədarük ediləcək 60 ədəd elektrobus yerli yığım olacaq və bu sifariş həmin yığımı həyata keçirən müəssisəyə ciddi iqtisadi dəstək verəcək.

Bu həm də ölkəmizdə ictimai nəqliyyatın inkişafına yanaşmaların dəyişməsi deməkdir. Atılan bu addım şəhərlərimizdə mobilliyin təminində ictimai nəqliyyatın prioritetliyini və ictimai nəqliyyatın inkişafı üçün dövlətin ciddi iqtisadi dəstəyinin zəruri olduğunu göstərir".