Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-19 mart tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.
"Unikal" xəbər verir ki, 12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.
Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Qeyd edək ki, “Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Həmin fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.