Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Kürkənd kəndinin sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Kürkənd kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Kürkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar "Gənc nəslin fiziki və mənəvi inkişafı, güclü dövlətin təminatıdır" mövzusunda iştirakçılara məlumat veriblər. Çıxışçılar, dövlətimizin bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olmasını və bu böyük işlərin əsası Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulmasını, bu yolun bu gündə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə yenidən qayıtdıqdan qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Uşaq və gənclərin hərtərəfli inkişafında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirən Ümummilli Lider deyirdi: “Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq”. 

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlətimizin başçısı bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm rolunu önə çəkərək deyib: “Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur, həmçinin yüksək mənəvi keyfiyyətlərə də malik olur”.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, özünüməşğulluq proqramına qoşulma, ünvanlı sosial yardımın alınması ilə əlaqədar yaranan çətinlik, məişət tullantıların ərazidən daşınması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.