Azərbaycanda bir neçə ildir Aliment Fondunun yaradılması ilə bağlı təkliflər irəli sürülür. Bu günlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında məsələ ətrafında müzakirələr olub. Bir neçə deputat çıxışında qeyd edib ki, bu fond elə formada yaradılmalıdır ki, saxta boşanmaların sayı artmasın. 

Aliment Fondunun yaradılması bu sahədə olan problemləri həll edə bilərmi?

Milli Məclisin deputatı Ceyhun Məmmdov "Unikal"a açıqlamasında bildirib ki, bu məsələ uzun müddətdir cəmiyyətdə geniş müzakirə olunur. Onun sözlərinə görə, Aliment Fondunun yaradılması bu məsələdən çıxış yolu deyil:

"Bizim bəzi həmkarlarımız da bu məsələyə reaksiya verdilər. Cəmiyyətdə müxtəlif yanaşmalar və baxışlar oldu. Ona görə bu məsələ ilə bağlı ciddi düşünməliyik. Hesab edirəm ki, ən önəmli məsələlərdən biri cəmiyyətdə ailənin önəmi, ailə institutunun rolu, onun cəmiyyətdəki proseslərə təsiri və digər istiqamətlərdə maarifləndirmə işlərinin aparılmasıdır. Gənclərin bəziləri ailənin əhəmiyyətini anlamırlar. Bu gün ailə qurub, sabah boşanırlar. Bu da əlavə problem yaradır. Bu məsələyə cəmiyyət müxtəlif reaksiyalar versə də, bu fondun yaradılması məsələni həll edəcək? Düşünürəm ki, xeyr. Əlavə problemlər yarada bilər. Ona görə ciddi düşünüb qərar qəbul etmək lazımdır".

Son illər boşanmaların sayının artmasına gəlincə, deputat boşanmaların artmasının ciddi problem olduğunu qeyd edib: "Həqiqətən narahatedici vəziyyətdir. Cəmiyyətdə sürətli formada gedir. Düşünürəm ki, baş verən deqradasiyanın, mənəvi aşınmanın cəmiyyətdəki proseslərə ciddi təsiri var. Ona görə bu məsələdə həmin məqamı nəzərə almalıyıq. Gənclər şüurlu şəkildə nikaha daxil olmalıdırlar. Onlara izah olunmalıdır ki, ailə nə üçündür. Necə gəldi ailə qurmalı deyillər".

Anar Kəlbiyev