İran Tehrana qarşı maksimum təzyiq və təhdid siyasətini davam etdirdiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara getməyəcək.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xamneyiyə məktubu ilə bağlı bəyanatı fonunda İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Tramp cümə günü İranın ali dini lideri Əli Xameneyiyə məktub göndərərək nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə üstünlük verəcəyini bildirib.

"ABŞ maksimum təzyiq siyasətini və təhdidlərini davam etdirdikcə, biz onlarla birbaşa danışıqlara girməyəcəyik", - deyə Əraqçi AFP-yə bildirib.

Bundan əvvəl Tramp ABŞ-ın bundan tez-tez istifadə etməli olmayacağına ümid etdiyini bildirməklə yanaşı, İrana qarşı maksimum təzyiqin tətbiqi barədə sərəncam imzalamışdı.