Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon mübahisəli ərazilərlə bağlı ölkələr arasında təxminən 23 il davam edən danışıqlardan sonra Bişkekdə dövlət sərhədi haqqında saziş imzalayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sənəd Tacikistan liderinin Qırğızıstan paytaxtına dövlət səfəri çərçivəsində Qırğızıstanın “Yintimak Ordo” (Birləşmə Mərkəzi) dövlət iqamətgahında təntənəli şəraitdə imzalanıb. Danışıqlardan sonra Japarov və Rəhmon birgə bəyanat da imzalayıblar.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun demarkasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu məsələnin həll olunmaması hər iki ölkənin sakinləri ilə hərbçilər arasında dəfələrlə toqquşmalara, o cümlədən odlu silahdan istifadəyə səbəb olub. 

Ağarza Elçinoğlu