Payızdan ən çox qorxan komitə sədrləri
20:42 15-08-2013
İQTİSADİYYAT
Payızdan ən çox qorxan komitə sədrləri
Nazirlərlə müqayisədə onlar daha çox narahatdır
Payızda keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətin tərkibində bir çox yeni simaların ola biləcəyi haqqında indidən çox danışılır. Bu inam yalnız hansısa mətbu analizlərdə və ictimai fikirdə öz əksini tapmır.
Hətta bir çox hallarda hazırki siyasi idarəetməyə simpatiyasını gizlətməyən müxtəlif ranqlı şəxslər eyni nöqtədə birləşirlər. Məsələn, bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev müsahibələrinin birində qeyd etmişdi ki, 2013-cü ildə heç olmasa, seçkidən sonra hökumətdə islahatlara start veriləcəyinə ümid edir. "Çünki bu islahatların aparılmaması son nəticədə Azərbaycan cəmiyyətinə arzulamadığımız təlatümlər yaşada bilər. Uzun illərdir siyasətdə olan bir adam kimi ölkədə və dünyada baş verən prosesləri təhlil edərək belə qənaətə gəlmişəm ki, Azərbaycanda islahatları aparılması zəruridir. Bu addımlar atılmasa, daha öncə qeyd etdiyim kimi, arzuolunmaz neqativ nəticələrlə qarşılaşa bilərik" deyə o vurğulamışdı.
Ümumiyyətlə, hökumətin kadr və idarəetmə təfəkkürü baxımından islahatlara ehtiyacı olduğu fikrində əksəriyyət həmfikirdir. Bu, hətta iqtidarı ən açıq formada dəstəkləyən bir çoxlarına da aiddir. Onlar başa düşür və yeri düşdükcə dilə gətirməkdən çəkinmirlər ki, Azərbaycanda ənənəvi idarəçilik üsullarının və yetərincə korrupsiyalaşmış məmur korpusunun ciddi dəyişikliyə ehtiyacı var, idarəetmə və kadr seçimi müasir standartlarla uzlaşdırılmadığı təqdirdə bu, ilk növbədə hökumətin özü üçün böhranlı nəticələrə gətirib çıxara bilər.
Bütün bu deyilənlərin fonunda payızda keçiriləcək prezident seçkilərindən sonra bəzi iriçaplı məmurların görəvi ilə vidalaşacağı ehtimalı xeyli yüksəkdir. Dünən redaksiyamıza bununla bağlı daxil olan yeni məlumatlarda bildirilirdi ki, bəzi nazirlər yeni kabinetdə öz yerlərini qoruyub-saxlayacaqlarını bəri başdan təminat altına alsalar da, bunu komitə sədrləri haqqında demək çətindir. Daha doğrusu, nazirlərlə müqayisədə bu dəfə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması zamanı daha çox bəzi komitə sədrlərinin islahatlar nöqteyi-nəzərindən "qurbanlıq" seçilməsi ehtimalı daha böyükdür.
Bunun səbəbi isə bir neçə nazirin hökumətin yeni tərkibinə daxil edilməməsi ilə müqayisədə bir neçə komitə sədrinin postundan kənarda saxlanılmasının daha ciddi iqtidariçi təlatümlərlə və ictimai rezonansla müşaiyət edilməyəcəyidir. Düzdür, "vurulacaq" komitə sədrləri arasında hakimiyyətdaxili mübarizənin yetərincə iri oyunçularından sayılanlar da olacaq, amma hər halda bunun bir nazirin yeni Nazirlər Kabinetindən kənarda saxlanılması qədər kəskin effekt verməyəcəyi dəqiqdir. Bununla da, "bir güllə ilə iki dovşan vurulmuş" olacaq; həm istər ictimai rəydə çox gözlənilən hökumətdəki yeniləşmə görüntüsü yaranacaq, islahat qənaəti formalaşacaq, həm də hökumətin tərkibi ilə bağlı dəyişikliklər daha ağrısız və sancısız şəkildə həyata keçirilmiş olacaq.
Bu istiqamətdə gələn məlumatlarda yeni hökuməti kabinetindən kənarda saxlanılacağı bildirilən komitə sədrlərindən bəzilərinin də adı sadalanır. Məsələn, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin, Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin sədri Qərib Məmmədovun və Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komtəsinin sədri Əli Həsənovun payızda keçiriləcək prezident seçkiləri sonrası hazırki kreslolarından ayrılacağı vurğulanır. Bəzi ehtimallarda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da postundan ayrılmaq eştimalının yüksək olduğu vurğulanır, amma bu daha çox sürpriz təsiri bağışlayacaq. Çünki bəzi KİV-lər tamam əksini - Qərib Məmmədovun komitəsinin ƏMDK-ya birləşəcəyini və birləşmiş komitəyə də məhz Kərəm Həsənovun rəhbərlik edəcəyini proqnozlaşdırırlar.
Hər bir halda indilik görünən odur ki, prezident seçkisindən sonra, payızda "qara buludlar" daha çox komitə sədrlərinin başı üstündə dolaşacaq. Amma bu, bütün nazirlərin "toxunulmaz" olacağı və kreslolarından ayrılmayacağı anlamına gəlməməlidir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53