Putinin "Xəzər döyüşü": Kreml imzalanmış müqavilədən imtina edir
20:44 15-08-2013
İQTİSADİYYAT
Putinin "Xəzər döyüşü": Kreml imzalanmış müqavilədən imtina edir
Rusiya statusu gündəmə gətirməklə əvvəlcədən razılaşdırılmış məsələlərə yenidən baxmağa cəhd göstərir
Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri bir sıra məqamları ilə diqqəti çəkir. Mistik 7 rəqəmini kənara qoysaq (Putin sonuncu dəfə 7 il əvvəl Azərbaycanda olub) Kremlin sahibinin Azərbaycana Pyotrsayağı gəmilərin müşayəti ilə varid olması hamının təəccüblü baxışlarına səbəb oldu. "Gəmi demarşı"nın "tüstüsü"nü çox gözləmək lazım gəlmədi. Vladimir Putin Bakıda verdiyi bəyanatında Xəzər dənizinin statusu ilə bağlı dediyi "burada hələ həll edilməmiş problemlər çoxdur" sözlərini Moskvanın artıq unudlamaqda olan "90-cı illər tezislləri"nə qayıdış təhlükəsinə işarə saymaq olar.
Bəs Putin məşhur milli komediya filmində deyildiyi kimi "bununla nə demək istəyir?"
SSRİ-nin "status kabusu"
Xəzər dənizinin statusu ilə bağlı müzakirlər çoxdan gedir. Hələ SSRİ-nin dağıldığı ilk illərdə Moskva dəniz hövzəsi ölkələrinin Xəzərin bölünməsi ilə bağlı obyektiv tələblərinə çox sərt və həyasız reaksiyaları ilə yadda qalırdı. Yeltsinin 1991-ci ildə SSRİ-nin varisiliyinin Rusiyaya keçməsi barədə imzaladığı sərəncam rus siyasi elitası üçün keçmiş imperiya nəzrətində olan bütün coğrafi, su, təbii ehtiyatlara onun cavabdehlik daşımasını şərtləndiridi. Xəzər dənizi də Rusiyanın müstəsna nufuz dairəsində olan yer kimi baxılırdı. Qonşu İranla əl-ələ verərək keçmiş SSRİ ilə bağlnmış 1921 və 1940-ci il müqavilələrindən ikiəlli yapışan Moskva Bakının dəniz üzərində israr etdiyi öz qanuni və obyektiv tələblərinə aqressiv reaksiya verirdi. SSRİ ilə bağlanmış bu müqavilərlərə uyğun olaraq Xəzər dənizində yalnız Rusiya və İran gəmi saxlaya, sərbəst üzə və balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə SSRİ-nin Xəzərdəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdi. Bütün 90-cı illər Xəzər dənizinin statusunun müəyyən edilməsi üçün aparılan uzun-uzadı, gərgin vəbəzən darıxdırıcı müzakirələrin siyasi səlnaməsidir.
"Dəniz intirqalarının"
sonu
1995-ci ildən etibarən Moskva hərbə-zorbaya əsaslanan "Xəzər taktikasını" ciddi şəkildə yumşaltmaya məcbur olur. Kremlin bütün təxribatlarına baxmayaraq Azərbaycan 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayır və bununla da Xəzərdə özünün hesab etdiyi neft və qaz yataqlarında istismar aparmaq hüquqnu birbaşa bəyan edir. Bu mərhum Heydər Əliyevin atdığı cəsarətli addım Moskvada qəzəblə qarşılansa da Bakının sürətlə beynəlxlaq münasibətlər orbitinə daxil olması Kreml "xəyalpərvərlərini" ciddi götür qoy etməyə vadar etdi. 1995-ci ildə isə müstəqil Azərbaycanın ilk Konstitutsiya qəbul olundu və birmənalı olaraq Xəzər dənizinin ölkəmizə düşən hissəsi açıq mətnlə ali sənədə daxil edildi. Xəzərin təbii sərvətləri "Azərbaycan xalqının milli sərvəti" elan olundu. Belə ciddi demarş Rusiyanı Xəzər dənizinin statusu ilə bağlı ilə bağlı taktikalarında ciddi korrektə etməyə vadar etdi və Tehranla "birgə tanqo" sona çatdı. 1997-ci ildə Rusiya hər bir sahilyanı ölkənin dənizin ona aid 45 millik sahilyanı zonasına nəzarət etmək hüququ ilə yanaşı, həm də bu zonaya daxil olmayan, lakin artıq neft çıxarılan yataqlar üzərindəki hüququnu təsdiq etməyə, həmin ölkələrin, yaxud şirkətlərin hüququnu da tanımağa hazır olduğunu bəyan edir. 1998-ci ilin iyulunda Rusiya və Qazaxıstan prezidentləri orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəlrlər və "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair" Birgə Saziş imzalanır. Həmin dövrdə Rusiya Azərbaycanla da Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında danışıqlara başlayır. Rusiya prezidenti V.Putinin 2001-ci ildə Azərbaycana rəsmi səfərə gəlir və Azərbaycan prezidenti Heydər Əliyevlə "Xəzər dənizində birgə fəaliyyət" haqqında Bəyanatda "Xəzərin orta xətt üzrə milli sektorlara bölünməsi" prinsipi təsdiq olunur. Az keçməmiş, 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin ora xətt üzə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalandı və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində qaldı. Bununla da faktiki olaraq Xəzər dənizinin statusu ilə bağlı məsələ 3 dövlət arasında razılaşdırılaraq həll olundu. Lakin problemin tam həllinin iddia etmək olmaz. Sahilyanı ölkələr-İran və Türkmənistan Xəzər dənizinin statusu ilə bağlı öz planları var və daim bununla bağlı mübahisələr açırlar.
Putin niyə yenidən
Xəzəri yad edir?
Putin Bakıda Xəzər dənizində "hələ həll edilməmiş problemlərin çox olduğunu" deyərək bu sıraya təhlükəsizlik, sərhədlərin delimitasiyası, Xəzər dənizi sisteminin bioloji müxtəlifliyinin qorunub saxlanması və sair məsələlərə aid edib. Onun bəyanatında son cümlə isə Kremlin yeni siyasi mesajının bir nüansı sayıla bilər: "Biz çox istəyirik ki, bütün bu məsələlər bütün Xəzəryanı dövlətlərin maraqları nəzərə alınmaqla həll edilsin". Putin əlbəttə ki, ilk olaraq Rusiyanın maraqlarını nəzərdə tutur. Son illərdə ABŞ-la Rusiya arasında müşahidə olunan "soyuq müharibə" tendensiyası və Moskvanın keçmiş SSRİ məkanının öz nufuzu altına almaq cəhdləri regionda yeni siyasi müstəvi yaratmaqdadır. "Avrasiya İttifaqı" ideyası ilə silahlanan Kreml 90-cı illərdə əlindən çıxmış postsovet məkanını yenidən qamarlamaq niyyətini gizlətmir. Bu baxımdan hazırda Rusiya son bir neçə il ərzində Xəzər hövzəsində itirdiyi mövqeləri geri qaytarmaq üçün aktivliyini xeyli artırıb.
Xəzərdə güclü hərbi-dəniz qüvvələrinə malik olan Rusiya dənizə daxil olmaq istəyən əcnəbi dövlətlərin fəaliyyətinə qəzəblə yanaşır. Kreml dənizdə ona məxsus olan hərbi üstünlüyü heç kimlə bölüşmək niyyəti yoxdur. Siyasi müşahidəçilərin fikrincə, Xəzərin hüquqi statusu məsələsini qaldırmaqla Moskva sahilyanı beş ölkə ilə kənar qüvvələri Xəzərdə hərbi iştirakı və yaxud hövzə ölkələrinin ərazisindən kiməsə qarşı hərbi-strateji istifadəni qadağan edən" Birgə Saziş bağlamaq istəyir. Digər tərəfdən Azərbaycanın Avropanın enerji təminatında əsas tərəfdaş statusuna çevrilməsi Rusiyanı qıcıqlandırır. Son qaz layihələri olan "NABUKKO" və "TAP" Rusiyanın Avropa enerji bazarındakı mövqelərini sarsıtmaqla yanaşı alternativ enerji yolunun əldə olunması deməkdir. Bu çevrədə isə Bakı müstəsna rol oynayır. Odur ki, Rusiya Xəzərin statusu məsələsini gündəmə gətirməklə əvvəlcədən razılaşdırılmış məsələlərə yenidən baxmağa cəhd göstərir. Bütün bu məsələlər Putinə yeni müstəvi üçün "təzə xanədən" başlamaq təklifinə həvəsləndirib. "Gəmi saatının sirri" də bundadır. Moskva ənənəvi ampulasındadır: Kreml dünən bəh-bəhlə imzaladığı sənədi göz qırpmadan tarixin zibiliynə ata bildiyini tarix boyu həmişə nümayiş etdirib. Bu gün onun bir daha şahidi oluruq.
Xaqani SƏFƏROĞLU
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53