1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) 01.04.2025-ci il tarixində saat 09:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, aparılan instrumental müayinələr zamanı pasiyentə alın sümüyünün sınığı, sağtərəfli alının sıyrılmış yarası diaqnozu təyin edilib.
"İxtisaslı həkim baxışından sonra vəziyyəti qənaətbəxş hesab edilən pasiyent ambulator müalicə üçün evə buraxılıb",- deyə məlumatda qeyd edilib.
*** 12:24
Bu gün saat 08:31-də “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.
ADY-dən "Unikal"a verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb. Qatar hərəkətinə gecikmə ilə davam edib.
Məlumata görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.
“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır: Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər”, - məlumatda qeyd olunur.