Yanvarın 18-də İmişlidə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 3 məktəblinin ölümündən sonra keçirilən etirazlarda saxlanılan 14 nəfərin həbs müddəti daha 1 ay artırılıb.

"Unikal"ın məlumatına görə, bununla bağlı istintaq orqanının təqdimatını İmişli rayon Məhkəməsi təmin edib. Bundan əvvəl yanvarın 22-də məhkəmə saxlanılan şəxslərin hər biri barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. 

Xatırladaq ki, Dövlət Yol Polisi avtomobili "Mercedes Benz 190" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 3 məktəbli ölüb, YPX avtomobilinin sürücüsü isə xəsarət alıb.

Hadisədən dərhal sonra İmişlidə etirazlar başlayıb. Bir gün sonra Daxili İşlər Nazirliyi bildirib ki, "ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib". Etirazlarda iştirak edək 14 nəfər - Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib saxlanılıb. Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Baş verən hadisə ilə bağlı isə “Mercedes Benz 190” markalı avtomobilin sürücüsü, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı həbs edilib.