Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən Hüquq Komitəsinin 112-ci sessiyasında ölkəmizi təmsil edib.
"Unikal" xəbər verir ki, tədbirdə Agentliyin Hüquq departamentinin Qanunvericilik layihələri şöbəsinin müdiri Nişat Rəhimov iştirak edib.
Sessiya çərçivəsində “Zəhərli və zərərli maddələrə dair Protokol”a üzvlüyün asanlaşdırılması, eyni zamanda uyğunlaşdırılmış şərhi, BDT-nin alətlərinin tətbiqi ilə bağlı məsləhətləşmələr və qəbul ediləcək qaydalar müzakirə olunub.
Həmçinin dənizçilərlə ədalətli rəftar, Qara və Azov dənizlərində mövcud vəziyyətin gəmiçiliyə və dənizçilərə təsiri, gəmi qeydiyyatının saxtalaşdırılması, saxta gəmi reyestrləri ilə bağlı qeyri-qanuni təcrübələrin qarşısının alınması üzrə tədbirlər, dəniz quldurluğu və silahlı qarət məsələləri barədə fikir mübadiləsi aparılıb. Sessiyada BDT-nin məsuliyyət və kompensasiya ilə əlaqədar konvensiyalarının düzgün icrası və tətbiqi üçün təlimatlar, o cümlədən Hüquq Komitəsinin səlahiyyətləri çərçivəsində mövcud alətlər üzrə suyun səthi ilə üzən avtonom dəniz gəmilərinin (MASS) idarə edilməsi də müzakirə olunub.