Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 17-si uşaq olmaqla ümumilikdə 41 nəfər vətəndaş təxliyə olunub.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən paytaxtın Nərimanov rayonunda “Bağırov körpüsü” adlanan ərazidəki tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

***

12:42

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.

"Unikal" xəbər verir ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub.

Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət Nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb.

***

10:02

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir.

"Unikal" xəbər verir ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.

***

09:38

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

"Unikal" xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.