Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 1-də davam etdirilib.
"Unikal" xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxs Arayik Harutyunyanın müsahibəsinin yer aldığı videomaterialdan kadrlar da nümayiş etdirilib və tədqiq olunub. A.Harutyunyan filmdə erməni tağım komandirlərindən biri barədə Kərkicahan, Malıbəyli və digər döyüşlərdə iştirak etməsindən danışır.
A.Harutyunyan dövlət ittihamçılarının suallarını cavablandırarkən həmin döyüşlərdə iştirak etmədiyini, adıçəkilən döyüşlər zamanı İrəvanda Kənd Təsərrüfatı İnstitutunda ali təhsil aldığını iddia edib. O bildirib ki, 2020-ci ildə qondarma rejimdə “namizəd” olarkən müharibə zamanı “xidmətləri”nin şübhə altına alınmaması üçün belə çıxış edib. A.Harutyunyan deyib: “Özümə sənəd hazırlayanda şahidlər çağırmışdım desinlər ki, guya mən döyüş əməliyyatlarında iştirak etmişəm. Orada mənim həmin dövrdə olan xidmətim əks etdirilməli idi. Onlar orada o məlumatı verməli idilər ki, mənim orada iştirak etməyimin şahidi olublar. Mən, ümumiyyətlə, o məlumatları (döyüşlərlə bağlı – red.) dostlardan almışam və sentyabrdan guya onlarla xidmət etmişəm. Təfsilat barədə qardaşımın gündəliyindən tanışam. Bunlar olmasaydı, 2020-ci il “seçkiləri” zamanı mənim həmin dövrdə xidmətim şübhə altına alınardı. Hansısa bir şey çəkilməli idi və götürülməli idi ki, mən döyüşlərdə iştirak etmişəm. Amma fakt budur ki, mən həmin vaxt tələbə olmuşam”.
O, öz vəkilinin sualını cavablandıran zaman isə deyib ki, Qarabağa birdəfəlik 1993-cü il avqustun sonu-sentyabrın əvvəlində köçüb.