Tehran-Bakı aviareysləri gündəlik olaraq həyata keçirilməyə başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Möhecerani mətbuat konfransında bildirib.

"Prezidentin Azərbaycana olan ilk səfərini ikitərəfli siyasi etimadın formalaşdırılmasına uyğun olaraq nəzərə alaraq, strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən Tehran-Bakı aviareysləri gündəlik olaraq həyata keçirilməyə başlayıb", - deyə o qeyd edib. 

İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tərfai öz növbəsində qeyd edib ki, yaxın vaxtlarda Təbriz və Bakı arasında birbaşa aviareyslərin açılmasına dair razılıq əldə edilib: "Bu məsələ prezidentin Bakıya səfəri zamanı yollar və şəhərsalma nazirinin və İran-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının rəhbərliyinin Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə görüşündə gündəmə gətirilib və razılaşdırılıb". 

Tərfa bu razılaşmanın təfərrüatlarına toxunaraq deyib: "Planlaşdırmaya əsasən, Tehran-Bakı reysləri həftənin dörd günü, Təbriz-Bakı reysləri isə həftədə iki gün yerinə yetiriləcək".

Ağarza Elçinoğlu