Masallıda baş verən ağır qəzada 2-si azyaşlı olmaqla 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər - sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Qəzada xəsarət alanlar Masallı rayonunun Böyük Xocavar kənd sakinləri, sürücü 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurov, 1991-ci il təvəllüdlü Maral Tohid qızı Teymurova və 1957-ci il təvəllüdlü Gülbəyim Xəlil qızı Bayramovadır. 

Hazırda yaralıların müalicəsi Masallı rayon xəstəxanasında davam etdirilir.

Baş verən qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:05 radələrində yeni Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 122-ci kilometrində hərəkətdə olan 10-RV-404 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcı metal səddə dəyərək aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda qəzanın başvermə səbəbləri, ölən və xəsarət alanların sayı və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.

xxx

Masallıda avtomobil qəzasında xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, Masallı Rayon Mərkəzi Xəstəxanasına 3 nəfər hospitalizasiya olunub.        

Yaralılara ilkin zəruri tibbi yardım göstərilib. 

Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. 

***14:26

Masallıda ağır yol nəqliyyat hadisəsi  baş verib.

"Unikal"ın məlumatına görə, hadisə günorta saatlarında yeni Ələt-Astara magistralının 122-ci km-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkətdə olan "Toyota Prado" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək bir neçə dəfə çevrilib. İlkin məlumata avtomobildə olan bir azyaşlı ölüb, digər sərnişinlər xəsarət alıb. Yaralılar Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev