2025-ci il aprelin 3-də saat 23:00 radələrində Gəncə şəhərinin Z. Hacıyev küçəsində iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə barədə Gəncə Şəhər Baş Polis İdarəsinə daxil olan məlumat əsasında polis əməkdaşları  əraziyə cəlb olunub, ilkin araşdırma və digər zəruri tədbirlər həyata keçirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Şaiq Qəmbərovun idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Samux rayon sakini Münasib Hüseynovun idarə etdiyi “VAZ” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki sürücü, eləcə də “VAZ” markalı avtomobildə olan sərnişinlər – Z. Hüseynova və G. Cabbarova müxtəlif dərəcəli bədən xəsarətləri alıb, digər sərnişin, 52 yaşlı Talıb Cabbarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb:

"Sürücü Ş.Qəmbərov saxlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və avtomobil-texniki ekspertizalar təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.

Eyni zamanda, bəzi sosial şəbəkə və  internet resurslarında  polis əməkdaşları ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş iddialar yayılıb. Məlumat üçün bildiririk ki, hadisə baş verdiyi andan etibarən polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun şəkildə hərəkət edib, ərazidə ictimai təhlükəsizliyi təmin etmiş və prosessual hərəkətlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görüblər. Zərərçəkmiş şəxslər müxtəlif internet platformalarında çıxış etməsinin səbəbi isə qarşı tərəfdən maddi təzminat istəmələri olub ki, bu barədə intintaq orqanı tərəfindən onlara tələblərinin məhkəmə predmeti olması və bu barədə yalnız məhkəmədə iddia qaldırmaları tövsiyə olunub. Lakin zərərçəkən şəxslər iddialarının dərhal təmin olunmasına nail olmaq məqsədi ilə internet resuslarında həqiqətə uyğun olmayan məlumatlar paylaşmaqla ictimai rəyi çaşdırmağa çalışırlar", - deyə açıqlamada qeyd edilib.

Murad İbrahimli