Bu il ali təhsil müəssisələri üzrə, bütövlükdə, dövlət hesabına maliyyələşdirilən ixtisaslara qəbul olanların (subbakalavrlar da nəzərə alınmaqla) 82.24%-i (22769 nəfər) Bakı şəhərində, 17.76%-i (4918 nəfər) isə respublikanın regionlarında yerləşən ali təhsil müəssisələrini seçib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent 12” jurnalında qeyd olunub.
Bildirilib ki, 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 84.96% (22127 nəfər) və 15.04% (3916 nəfər) olub: “Bakı şəhəri və regionlar üzrə qeyd olunan göstəricilərin ötən illə müqayisədə builki cüzi dəyişməsinə (dəyişmə əsasən, Qarabağ Universitetinin yalnız dövlət sifarişi əsasında qəbul aparılan yerlərin hesabına olub) baxmayaraq, Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinə son on beş ildə dövlət hesabına maliyyələşdirilən yerlərə qəbul olanların nisbi çəkisinin müqayisəli təhlili göstərir ki, bu illər ərzində Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi 79.73-dən 82.24-yə qədər artıb, regionlarda yerləşən ali təhsil müəssisələrinə qəbul olanların faizi isə 20.27-dən 17.76-ya qədər azalıb. Beləliklə, aydın olur ki, dövlət hesabına maliyyələşdirilən yerlərə müsabiqənin bütün ali təhsil müəssisələri üzrə mərkəzləşdirilmiş şəkildə aparılması ötən illərlə müqayisədə hazırda regionlarda yerləşən ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə qəbul olanların faizinin azalmasına səbəb olub”.