2000-2018-ci illər ərzində Ermənistan Respublikası Prezidentinin birinci köməkçisi, Ermənistan Respublikası Prezidentinin Aparatının rəhbəri, Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının rəhbəri, Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi və Ermənistan Respublikası Baş Nazirinin müavini vəzifələrində çalışmış Armen Gevorgyan cinayət yolu ilə əldə edilmiş əmlakın əsl mahiyyətini və mənşəyini gizlətmək və təhrif etmək məqsədilə 4.921.302.379 dram məbləğində qeyri-qanuni əldə edilmiş gəlirləri leqallaşdırıb. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. 

İstintaq tərəfindən araşdırılan cinayət prosesində həyata keçirilən genişmiqyaslı sübut və digər prosessual hərəkətlər nəticəsində müəyyən edilib ki, 2004-2018-ci illər ərzində Ermənistan Respublikasının İrəvan və regionlarında yerləşən, məmura məxsus 39 daşınmaz əmlaka mülkiyyət hüququ onun və yaxın qohumlarının adına rəsmiləşdirilib. Xüsusilə, İrəvanda və Ermənistan Respublikasının regionlarında yerləşən daşınmaz əmlakların müqavilə dəyəri 751 268 208 dram, əməliyyat zamanı eyni daşınmaz əmlakın orta bazar dəyəri isə 4 843 530 000 dramdan çox olub. Yüksək rütbəli məmura bağlı şəxslərin adına Çexiyada yerləşən daha 10 daşınmaz əmlakın ümumi bazar dəyəri 920 000 ABŞ dolları təşkil edib.

Ermənistan Respublikasının keçmiş yüksək rütbəli məmuru 2003-cü il aprelin 18-də qəbul edilmiş Ermənistan Respublikası Cinayət Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsinin 1-ci və 3-cü bəndləri ilə cinayət yolu ilə əldə edilmiş (çirkli pulların yuyulması) xüsusilə külli miqdarda əmlakı leqallaşdırmaqda ittiham olunur.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Prosesin materialları prokurora təqdim edilib.

Ağarza Elçinoğlu