“Binalarda istilik sisteminin bərpa olunmasına çox böyük ehtiyac var. İcra başçısı işlədiyim dövrdə də tez-tez bu məsələlər qaldırılırdı”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deputat Asif Əsgərov deyib.
“Hətta mikrorayonlarda olan beşmərtəbəli binaların istilik sisteminin təchizatının bərpa olunmasını istəyirdilər. “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirəzəliyev şahiddir ki, biz dəfələrlə onunla bu söhbəti etmişik. Sovet dövründə tikilən binaların hamısında döşəmələrdə istilik sistemi yaradılmışdı. Ona görə bu gün hər hansı beşmərtəbəli binaların istilik təchizatının yaxşılaşdırılması üçün müəyyən addım atılsa, bütövlükdə binanın sakinlərin rahatçılığı olmadan bunu etmək mümkün deyil. Ona görə ki, ayrı-ayrı şəxslər özünə müəyyən şərait qurublar. Bütün binanın tam bərpası üçün ciddi iş görmək lazımdır. İndiyə qədər tikilən binaların istilik təchizatını bərpa etmək mümkün olmasa da, yeni qanun layihəsinə əsasən, yeni tikilən binalarda mərkəzləşdirilmiş istilik sisteminin yaradılması sakinlər üçün böyük əhəmiyyət kəsb edəcək”, - deyə deputat bildirib.
Anar Kəlbiyev