"İyunun 2-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın qlobal enerji gündəliyini müəyyənləşdirən əsas aktorlardan olduğunu bir daha nümayiş etdirir. Rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev enerji sahəsində əldə olunan nailiyyətləri və gələcəyə dair prioritetləri əhatəli şəkildə təqdim edib".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Parlamentari bildirib ki, Azərbaycanın çoxvektorlu və praqmatik enerji strategiyası istər siyasi, istər sosial-iqtisadi, istərsə də digər sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib.
"Məlum olduğu kimi, ölkəmizdə ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib, ardınca isə enerji sahəsində dönüş nöqtəsi olan və “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq saziş imzalanıb. Bütün bunlar təkcə iqtisadi deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Hazırda neft və qazın Azərbaycanın ÜDM-dəki payı 30 faizdən artıqdır. Ölkənin xarici borcu ÜDM-in 7 faizindən aşağı, maliyyə ehtiyatları isə borcu 14 dəfə üstələyir. Bu göstəricilər həm iqtisadi sabitlik deyil, həm də təbii resursların düzgün idarə olunmasının göstəricisidir.
Ölkəmizin enerji siyasəti karbohidrogen ehtiyatlarının istehsalı ilə məhdudlaşmır, eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafını da əhatə edir. Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq.
COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl gündəlik sahəsində qlobal dialoqun önündə yer aldığını nümayiş etdirir. Bu proses çərçivəsində inkişafda olan ölkələrə ayrılan maliyyə dəstəyi 100 milyarddan 300 milyarda çatdırılmış, karbon bazarı işlək mexanizmə çevrilib. Əsas məqamlardan biri də enerji siyasətində istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının qorunmasıdır. Bu prinsip Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerji sahəsində etibarlı tərəfdaş kimi qəbul olunmasına yol açıb. Bakı Enerji Həftəsi bir daha nümayiş etdirir ki, Azərbaycan enerji sahəsində sadəcə resurs ixracatçısı deyil, həm də strateji düşüncəyə, dayanıqlı siyasətə və beynəlxalq tərəfdaşlıqlara əsaslanan yeni enerji təhlükəsizliyi modelinin təşəbbüskarıdır. Uğurlu enerji strategiyası ilə başlayan yolda yaşıl gələcəyə doğru inamla irəliləyirik".