Xəbər verdiyimiz kimi, Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb. 

"Unikal" “Teleqraf”a istinadən xəbər verir ki, adıçəkilən müəllim də iddalara cavab verib. 

O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valideynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.

“Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim”, - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.

***12:28

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etdiyi söylənilir.

"Unikal" xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımda Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliməsinin özünə təmtəraqlı tədbir təşkil etdiyi bildirilir.

Görüntülərdə bir neçə qadının sıraya düzüldüyü, onlardan birinin müəllimənin barmağına qızıl üzük taxdığı əks olunub.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.