İyunun 12-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində  “Lənkəran - Türk Dünyasının Gənclər Paytaxtı”nın bağlanış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Gənclər və İdman nazirliklərinin rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı fikirlərini özündə əks etdirən videoçarx nümayış olunub. 

Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur və artıq ölkəmizdə gənclər siyasəti dövrün tələblərinə uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan gənclər siyasətinin baza və ideoloji prinsiplərinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan icra başçısı cənab Prezidentin gənclər siyasətinin inkişaf istiqamətlərini mövcud ənənələr əsasında daha da təkmilləşdirdiyini qeyd edib.

Taleh Qaraşov bildirib ki, “Cənub Mirvarsi” olan Lənkəranın bir il boyunca Türk Dünyasının Gənclər Paytaxtı kimi tanınması, təkcə şəhərimizin deyil, bütün ölkəmizin gənclik sahəsində qazandığı mühüm uğurların bir təzahürüdür. Onun sözlərinə görə, bu status Lənkəranı Türk dünyası gənclərinin bir araya gəldiyi mədəni, mənəvi və intellektual bir mərkəzə çevirib.
İcra başçısı bir il müddətində keçirilən tədbirlərdə iştirak edən və təcrübə qazanan hər bir gəncin gələcəkdə öz ölkəsinin inkişafında, eyni zamanda Türk dünyasının birliyinin möhkəmlənməsində fəal rol oynayacağına olan inamını ifadə edib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qeyd edib ki, bir il müddətində gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Nazir bildirib ki, bağlanış mərasimi yekun deyil, əksinə yeni başlanğıcların təməlidir və bu birlik, dostluq və əməkdaşlıq ruhu Türk dünyasının hər nöqtəsinə yayılacaq.

Daha sonra Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov və qazaxıstanlı gənc Bekkairov Nursultan çıxış ediblər. 2025-ci il Türk Dünyasının Gənclər Paytaxtının Qazaxıstanın Almatı şəhəri seçildiyi bildirilib.

Çıxışlardan sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov Türk Dünyasının Gənclər Paytaxtının simvolik açarını  qazaxıstanlı gənc Nursultan Bekkairova   təqdim edilib.

Azərbaycanın və Türk Dünyasının “Gənclər Paytaxtı” olması münasibətilə keçirilən tədbirlərə göstərilən dəstəyə görə Lənkəran ŞİH-ə, Lənkəran regional “ASAN xidmət” mərkəzinə, rayon-şəhər polis idarəsinə, Lənkəran Dövlət Universitetinə, mədəniyyət, təhsil, gənclər idarələrinə, habelə könüllülərə təşəkkürnamələr təqdim edilib. 

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.