Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 13 iyun 2025-ci il tarixdə, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında “Konstitutsiya və Suverenlik ili” çərçivəsində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Azərbaycanın taleyini dəyişən zəfər tariximiz” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, RİHB-in inzibati-ərazi dairəsi üzrə nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyulub. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan edib. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Tədbirdə 15 iyun Milli Qurtuluş günü ilə bağlı tərəqqi medallı əməkdar müəllim Ədalət Əsədov, rayonun Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbin direktoru Tünzalə Quliyeva, Xıdırlı kənd tam orta məktəbin direktoru Savalan İmanov “Azərbaycanın taleyini dəyişən zəfər tariximiz” mövzusunda ətraflı məruzələrlə çıxışlar ediblər.