Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi ilə “Agro Dairy” şirkətinin nümayəndə heyəti arasında növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, ADAU gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərindən olan “Agro Dairy” ilə əməkdaşlığa xüsusi önəm verir. Qeyd olunub ki, uzun illərdir davam edən əməkdaşlıq günü-gündən daha şaxələndirilir.

“Agro Dairy” şirkətinin Bitkiçilik bölməsi üzrə İdarəedici Direktoru Ramil Məmmədov deyib ki, Şirkət ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması və ixtisaslaşmış kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi üçün Dövlət Aqrar Universiteti ilə əməkdaşlıqda maraqlıdır.

Daha sonra tələbələrin təcrübə, tədqiqat və digər məsələlər üzrə perspektiv imkanlardan danışılıb.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Agro Dairy” şirkəti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Rəsmi görüşdən sonra “Agro Dairy” şirkətinin əməkdaşları bir qrup ADAU tələbəsi ilə görüşüb. Tələbələrə şirkətin fəaliyyəti haqqında məlumat verilib, sualları cavablandırılıb. Sonda fəallığı ilə seçilən tələbələrə hədiyyələr təqdim olunub.