Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininin gedişi, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarını davam etdirir. Məlumatlandırma sessiyaları çərçivəsində Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə regional müşavirələr təşkil olunur.

"Unikal" xəbər verir ki, taxıl biçininin gedişatına həsr olunmuş növbəti müşavirə Şəkidə keçirilib. Regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Balakən və Zaqatala rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin davamlı təmin olunması aqrar siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi mexanizmlərinin mövcudluğu bitkiçiliyin digər sahələri kimi taxılçılığın da inkişafına müsbət təsir göstərir. Şəkinin ölkənin ən çox taxıl əkilmiş bölgəsi olduğunu qeyd edən Elxan Usubov taxıl biçininin mütəşəkkil təşkili üçün koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb, əvvəlki illərdə olduğu kimi bu il də biçin prosesinin mütəşəkkil şəkildə başa çatdırılması lazımi tədbirlərin görüldüyünü bildirib. 

Regional müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün görülən işlər barədə müşavirə iştirakçılarına məlumat verib. Sarvan Cəfərov qeyd edib ki, Nazirlik tərəfindən respublikanın bölgələrində taxıl biçininin qısa müddət ərzində, məhsul itkisinə yol verilmədən həyata keçirilməsi, məhsul istehsalçılarının taxılyığan kombaynlarla vaxtında təmin edilməsi ilə bağlı tədbirlər planı hazırlanıb və hazırda biçin prosesi bu plana uyğun davam etidirilir. Hazırlanmış dislokasiya planına əsasən, rayonlar üzrə ehtiyaclar müəyyən olunaraq “Aqroservis” ASC və digər fiziki və hüquqi şəxslərin balansında olan kombaynlar sürətli şəkildə digər bölgələrə dislokasiya olunur. Hazırda respublika üzrə arpa sahələrində sürətli biçinin getdiyini xatırladan nazir müavini Şəki-Zaqatala iqtisadi rayonu üzrə payızlıq arpa əkini sahələrində də aktiv biçin prosesinin getdiyinə diqqət çəkərək kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan zəruri tələbatının ödənilməsi üçün yerli qurumlar arasında koordinasiyalı fəaliyyətin göstərilməsinin vacibliyini önə çəkib. 

Müşavirədə çıxış edən Nazirliyin yerli qurumlarının rəhbərləri hazırda Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Balakən və Zaqatala rayonları üzrə əkin aparılmış təxminən 120 min hektara yaxın payızlıq taxıl əkini sahəsinin 5340 hektarında biçin prosesinin başa çatdığını, hazırda biçinin əsasən arpa sahələrində aparıldığını bildiriblər. Qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə biçin prosesində hazırda 201 kombayn iştirak edir. Bunlardan 57 kombayn “Aqroservis” ASC-yə, 144 kombayn isə hüquqi və fiziki şəxslərə məxsusdur. Biçin prosesi aktiv mərhələyə daxil olduqdan sonra biçin başa çatmış Aran rayonlarından bu bölgəyə əlavə texnikaların dislokasiyası həyata keçiriləcək.

Regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Tədbirdən sonra müşavirə iştirakçıları rayonun Öryət kəndində taxıl biçininin gedişi ilə tanış olublar. Fermerlər biçindən dərhal sonra sahədə yay şumu aparılacağını və torpağın təkrar əkinlərə hazırlanacağını bildiriblər. Onlara təkrar əkinlərin dövlət tərəfindən subsidiyalaşdırılması, bu mexanizm sayəsində fermerlərin ildə iki dəfə məhsul və iki dəfə subsidiya almaq imkanı əldə etdiyi barədə məlumat verilib.

Müşavirə iştirakçıları həmçinin kənd ərazisində toxumluq əkin sahələrində aprobasiya prosesinin aparılması prosesi ilə də tanış olublar.