14 iyun 2025-ci il tarixdə Neftçala rayonunun ümumtəhsil məktəblərində məzun günü münasibətilə təntənəli tədbirlər keçirilib. 

"Unikal" xəbər verir ki, bayram tədbirləri çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Tərbiyə məsələləri üzrə sektor müdiri Qeyrət Şirəliyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, şəhid ailələri, məktəb kollektivi, məzunlar, valideynlər və ictimaiyyət nümayəndələri Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, gənclərin intellektual inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi və təhsildə uğurları ölkənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Qeyd olundu ki, milli təhsilimizin inkişafında müstəsna xidmətləri olan Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı, regionlarda, o cümlədən də doğma Neftçalamızda yeni təhsil ocaqlarının inşası və onların müasir avadanlıqlarla təchiz olunması təhsilinin keyfiyyət göstəricilərinin artmasına daha böyük təkan vermiş olur. Rayonumuzun bir sıra məktəblərinin, xüsusilə Aşağı Surra kənd tam orta məktəbinin təhsildə əldə etdiyi nailiyyətlər də buna əyani misaldır. RİH-nin başçısı məzunlara ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlər və müstəqil həyatda uğurlar arzulayıb, müəllimlərə isə gənc nəslin formalaşmasındakı xidmətlərinə görə təşəkkürünü bildirib. 

Sonra tədbirdə çıxış edən digər qonaqlar- Elm və Təhsil Nazirliyinin Tərbiyə məsələləri üzrə sektor müdiri Qeyrət Şirəliyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, məktəbin direktoru Həbulla Rəhimov və şəhid atası Saleh Orucov məktəbin məzunlarını təbrik edərək onlara gələcək həyatlarında və təhsil yollarında uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, Aşağı Surra məktəbi son illərdə təhsildə əldə etdiyi nailiyyətlərlə nəinki rayonun, eləcə də respublika miqyasında aparıcı məktəblərdən biri kimi seçilir. Bu il məktəbin 5 şagirdi fənn olimpiadalarının qalibi olub, eyni zamanda məktəb təqdimat və layihə yarışlarında da fərqlənərək yüksək nəticələr əldə edib. Həmçinin çıxışlarda təhsilimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Tədbir çərçivəsində məktəbin şagirdləri maraqlı bədii kompozisiyalarla çıxış ediblər, xatirə hədiyyələri təqdim olunub və ənənəvi “Son zəng” səslənib.

Qeyd edirik ki, 2024-2025-ci tədris ilində rayonun 26 tam orta məktəbləri üzrə XI sinfi 643 nəfər bitirir, onlardan 3 nəfəri xüsusi nümunəli attestatla, qızıl və gümüş nişanı ilə təltif olunacaq. Bütün məzunları kollektivimiz adından təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.