Qaradağ rayonunda Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Zaur Şükürov, AMEA Neft-Kimya prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər. Əvvəlcə tədbir zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra mövzuya uyğun videoçarx nümayiş olundu.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün ölkəmizin regionun lider dövlətinə çevrilməsinin əsası Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasətin təzahürüdür.

Akademik Vaqif Abbasov çıxışında qeyd etdi ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı  Zaur Şükürov bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Prezident  İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman  Mikayılov yekunlaşdıraraq Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik etdi və fəaliyyətlərində uğurlar arzuladı.