"Sertifikatlaşdırma prosesə hazırlıq yekunlaşmaq üzrədir. Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur. Növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfər müəllimin iştirakı nəzərdə tutulur".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir: “Proses müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir. Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir”.
Agentliyin direktoru xatırladıb ki, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 min 901 müəllim iştirak edib.
“Sertifikatlaşdırmadan keçmiş 17 min 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 min 84 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diferensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq”, - deyə E.Bağırov bildirib.