Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb.

"Unikal" xəbər verir ki, “Son zəng” tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Elm və Təhsil Nazirliyinin müşaviri Elnur Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər məzunları təbrik edib, onlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıblar. Sonra məzunlara attestatlar təqdim olunub.

Qeyd edək ki, Şuşa şəhərində sonuncu dəfə 1991-ci ildə “Son zəng” günü qeyd edilib. 2024-2025-ci tədris ilində Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 200-dək şagird təhsil alıb və onlardan 8 nəfəri məzundur.