Bu gün Bakıda “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə təşkil olunub.

"Unikal" xəbər verir ki, ictimai müzakirə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə “World Business Center”də keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

İctimai müzakirəni giriş nitqi ilə açan "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı iştirakçıların hər birinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, qəza ocaqlarını müəyyənləşdirmək, onların qarşısını almaq üçün hansısa tədbirlərin görülməsi məsələsi, çox təəssüf ki, arxa planda qalır. Buna görə də davamlı olaraq eyni yerdə bənzər səpkidə qəzaların şahidi oluruq: “Qaradağ rayonu Müşfiqabad qəsəbəsində DYP postuna çatmamış yerüstü keçidlərlə bağlı vəziyyət acınacaqlıdır. Burada həm postdan əvvəl, həm də postdan sonra keçmiş dövrdən qalma, tunel tərzində salınan 2 yerüstü keçid var. Axşam saatlarında o yolda hərəkətlilik azalan kimi həmin keçidlər evsiz şəxslərin, “bomj”ların, narkomanların yaşadığı, gecələdiyi məkana çevrilir. Uzun müddətdir bu vəziyyət yarandığı üçün oradan pis qoxu gəlir. Buna görə də piyadalar həmin keçidlərdən istifadə etmir və keçidlərin yaxınlığında qəza rsikləri yaranır”.

Daha sonra “Digesta” hüquq şirkətinin rəhbəri, hüquqşünas Ərşad Hüseynov çıxışında İctimai Birliyin fəaliyyətində uğurlar arzulayıb və diqqətə çatdırılan məsələlərin bütövlükdə ölkə əhalisinin narahat olduğu problem olduğunu qeyd edib: “2018-ci ildə ölkəmizdə bu məsələlərin həllinin tapılması üçün dövlət proqramı qəbul olundu. Bir xeyli ümidləndik. Amma proqram icra edilmədi. Kosmetik nələrsə edildi. Lakin icra olunmadığı üçün də keyfiyyət dəyişikliyini görə bilmədik. Cəmiyyətimizdə, istər sürücü, istər sərnişin, istərsə də yolun kənarında bir obyekti olan kommersant, çox qəribə yanaşma var: biz hələ təhlükəsizlik davranışının nə olduğunu çox aşağı səviyyədə bilirik. Məsələn, yol hərəkətinin iştirakçısı olmayan bir nəfər öz piştaxtasını çıxarıb yolun hərəkət hissəsinə yerləşdirir. Yaxud da başqa bir şəxs obyektindən çıxıb, yolun hərəkət hissəsində maşınını yuyur, hərəkət hissəsinə tərəf olan qapını da açıb, girib maşının içində tozsoranla nəsə edir. Ən pis nümunəsini də srağagün Heydər Əliyev prospektində gördük. Avtobus gəlib yolun hərəkət hissəsində qapını açıq qoyub maşının içində nəsə etməyə çalışan sürücüyə toxundu. Dünən də məlumat gəldi ki, həmin insan dünyasını dəyişdi”.

İctimai müzakirənin sonunda "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı tədbir işitrakçılarına gözdən qaça biləcək mövzulara toxunduqları üçün təşəkkürünü bildirib və qeyd olunan bütün məsələlərin təkliflər halında aidiyyəti qurumlara çatdırılacağını vurğulayıb. Tədbir xatirə fotosu ilə başa çatıb.

Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır.