Sovet ruhlu aydın və milli ruhlu aydın: ideyaların savaşı
12:26 15-02-2014
CƏMİYYƏT
Sovet ruhlu aydın və milli ruhlu aydın: ideyaların savaşı
Hazırda Azərbaycan tarixinə, mədəniyyətinə və fəlsəfəsinə həsr olunmuş əsərlərin, tədqqiqat işlərin əksəriyyəti milli şüuru formalaşdırmaqdansa, daha çox ona əngəl olur. Milli ideyalara münasibət yüz il bundan öncə başqa, indi müəyyən qədər bir qədər fərqli ola bilər. Biz də razılaşırıq ki, düşüncələrimizə təsir etməsində şərait, dövr və mühit çox böyük rol oynayır. Təbii ki, bu belədir. 10-20 ildən sonra cəmiyyətin həyatında yeni bir dönəmə qədəm qoyulsa, bugünkü fikirlər də öz qüvvəsini itirə, ən azı korrektələr ola bilər.
Bütün hallarda tarixi, fəlsəfə tarixini, ədəbiyyat tarixini olduğu kimi yazmaq lazımdır. Ancaq həmin tarixləri yazanların hansı şüurun, hansı ruhun, hansı ideyanın daşıyıcısı olmasından da çox şey asılıdır. Axı həmin tarixləri yazanlar insanlardır və istər-istəməz onların özünəməxsus dünyagörüşləri, ideyaları və baxışları var. Belə olduğu təqdirdə, tarixlərin ruhunun və mahiyyətinin cızılmasında insanların tapındıqları ideya və məsləklərinin təsiri qaçılmazdır.
Bununla bağlı belə bir müqayisə aparmaq pis olmazdı ki, Azərbaycan Cümhuriyyətini Sovet Rusiyası işğal etdikdən sonra (1920, 27 aprel) kommunizmi təbliğ etmək məcburiyyətə çevrilmişdi. Xüsusilə, əli qələm tutan və az-çox istedadı olan hər bir kəsdən tələb olunurdu ki, sosializmi tərif edən elmi və bədii əsərlər yazsınlar. Demək olar ki, 1920-1930-cu illərdə hamı "rus kommunizmi"nin mahiyyətinə uyğun olaraq "mədəni quruculuq" adı altında buna məcbur edilirdi. S.Rüstəm, S.Vurğun, R.Rza, M.Rəfili və başqaları ilə yanaşı, vaxtilə millətçi-türkçü, mövqeyi ilə tanınan H.Cavid, Ə.Cavad, C.Cabarlı, A.İldırım, Ü.Hacıbəyli kimi aydınlarımızdan bu xüsusilə tələb olunurdu. Demək olar ki, milli və beynəlmiləlçi ruhu daşımalarından asılı olmayaraq onların hamısı sosializmi tərifləyən bu cür əsərlər də yazmışlar. Sadəcə, milli ruhlu aydınlarımız, özəlliklə Cavid, Cavad, İldırım sosializmə həsr etdikləri əsərlərində belə, bu və ya digər şəkildə milli ruhu yaşatmağa çalışmışlar. Bu onların sözün həqiqi mənasında tapındıqları ideya və məsləyin dəyişməməsinin ifadəsi idi. Adətən o kəslər əqidə və məsləklərini tez-tez dəyişirlər ki, onlar məslək və əqidə ilə yaşayanlar deyil, zəmanə və mühitlə uyğunlaşanlardır. Bu mənada, Cavid, Cavad, Cabbarlı (fikrimizcə, Cabbarlının irsini sovet ideologiyası çox təhrif etdiyi üçün ona daha çox "beynəlmiləl" don geyindirilmişdir), İldırım kimi aydınlarımız məslək və əqidə sahibi idilər. Sovet Rusiyası milli aydınlarımızın Vətənini işğal etsələr də, "Rus kommunizmi" onların milli ruhunu və milli şüurunu işğal edə bilməmişdi. Bu bir reallıq idi. Bu reallığı görən və milli aydınlarımızın ruhunu dəyişdirə bilməyən sovet ideoloqları son çarə olaraq repressiyaya əl atmalı olmuşlar.
Eyni tarixi hadisəni, ancaq tamamilə fərqli yöndə Azərbaycan müstəqilliyini bərpa etdkidən sonra yaşadıq və yaşamaqda da davam edirik. Belə ki, SSRİ dövründə sovet ideologiyasına uyğun Azərbaycan fəlsəfəsini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini, Azərbaycan ədəbiyyatını yazanlar, imperiyanın süqutu və ictimai quruluşun dəyişməsindən sonra isə sözdə milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyətlə bağlı monoqrafiya və kitablar yazmağa başladılar və davam da edirlər. Çünki bütün bu sahələrdə aparıcı rol məhz onların əlindədir. Halbuki "rus kommunizmi" ideologiyasının hökmranlığı dövründə formalaşmış, sovet beynəlmiləlçiliyinin təbliğatçıları və ideoloqları olmuş bu insanların əksəriyyətinin nə dərəcədə məslək və əqidə dəyişdirmələri özü çox mübahisəli məsələdir. Hər halda, heç kəsə sirr deyil ki, onlar sovet dövründə "rus kommunizmi" ideyasına uyğun olaraq əsərlərində Marksı, Lenini, Stalini, Nərimanovu və başqalarını tarixi şəxsiyyətlər kimi idealladırmış, əvəzində Rəsulzadəni, Yusifbəylini, Xoyskini və başqalarını "müsavatçı" cəlladlar, Azərbaycan xalqına düşmən kimi qələmə vermişlər.
Müstəqilliyin ilk illərindən başlayaraq bu cür alimlərin əksəriyyəti birdən-birə 180 dərəcə dəyişib, SSRİ dövründə yazdıqlarını və dediklərinin əksini iddia etməyə başladılar. Əlbəttə, bütün bunlar daha çox eyforiya altında baş verdiyi üçün, çox geçmədi ki, sovet dövrünün yetişdirməsi olan alimlərin əksəriyyəti daha ehtiyatlı davranmağa çalışdılar. Bu ehtiyatlılıq da ondan ibarətdir ki, bir tərəfdən SSRİ dövrünü və sovet ideologiyasını kəskin şəkildə tənqid etməkən qaçmağa başladılar. Çünki başa düşdülər ki, sovet dövrünün ideyalarının tamamilə əksinə çıxmaq dolayısıyla özlərini inkar etməkdir. Bu baxımdan onlar SSRİ dövrünün ideyalarını elə bir formada tənqid etməyə çalışdılar ki, müəyyən mənada özlərini sığortalaya bilsinlər.
Bu mənada, təsadüfən yuxarıda göstərmədik ki, Cavadlar, Cavidlər, İldırımlar Sovet Rusiyası işğalından sonra məcburən sosializmə həsr etdikləri əsərlərində belə milli ruhu yaşatmaqda davam etmişlər. Eyni hadisəni Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli ədəbiyyata, milli fəlsəfəyə, milli mədəniyyətə, milli tarixə həsr olunmuş elmi və bədii əsərlərdə sovet ruhunu əks etdirənlər təkrarlayırlar. Fikrimizcə, hazırda millilik pərdəsi adı altında sovet ruhunu yaşadanlar da müəyyən mənada buna məcburdurlar.
Digər tərəfdən sovet dövründə formalaşmış alimlərin əksəriyyəti vaxtilə tənqid etdikləri milli və dini dəyərlərə münasibətdə də ehtiyatlı hərəkət etməyə başladılar. Belə ki, bu məsələyə də daha çox milli maraqlara uyğun deyil, şəxsi mənafələrini qorumaq naminə bir növ ikili standartlardan yanaşdılar. Hətta, bəzi sovet dövrünün ziyalları SSRİ dövründə yaşadığımıza görə keçmiş kommunistləri deyil, milli mücadilədə şəhid və qazi olmuş Yusifbəyliləri, Rəsulzadələri, Xoyskiləri, Cavadları, Yıldırımları və başqalarını suçlama kampaniyası apardılar və aparırlar da. Fikrimizcə, bir çox hallarda məqsədli şəkildə milli mücadilə aparmış şəxsiyyətlər haqqında mənfi rəy formalaşdırılır. Bunun əvəzində isə, SSRİ dövrünün "sovet beynəlmiləlçiliyi"nin tərənnümçüləri olan şəxsiyyətlər (istər dövlət xadimləri olsun, istərsə ziyalıları olsun) haqqında müsbət rəy formalaşdırlır.
Şübhəsiz, bütün bunların fonunda "Azərbaycan tarixi" və "Azərbaycan fəlsəfəsi tarixi" kitablarının milli ruhdan uzaq şəkildə yazılması çox düşündürücüdür. Çünki biri tarixi şüur, digəri mədəni-əxlaqi şüurla bağlıdır. Bunlar isə milli şüurun əsas ünsürləridir. Ancaq həmin kitablarda milli ruhdan çox sovet ruhunun iyi gəlir. Bunun üçün hər iki institutun uyğun əsərlərini diqqətlə oxumaq kifayətdir.
Qeyd edək ki, sovet ruhundan qurtulmayanlar arasında müəllimlərdə vardı. Bu baxımdan sovet təhsil sistemini və sovet ideologiyasından qurtula bilməyən müəllimlərin də müstəqillik dövrünün nəslini milli şurda formalaşdırması inandırıcı görünmür. Maraqlıdır ki, sovet təhsil siteminin yüksək keyfiyyətindən danışan bu müəlimlərin əksəriyyəti indiki təhsil sistemindəki boşluqları başqa yerdə axtarırlar. Halbuki indi orta və ali məktəblərdə dərs deyən müəllimlərin böyük əksəriyyəti istəsək də, istəməsək də sovet dövrünün müəllimləridir. Belə olduğu təqdirdə, bəs onlar niyə əvvəlki təhsil keyfiyyətini şagirdlərə verə bilmirlər? Buna əngəl olan nədir? Sovet təhsil sistemini müdafiə edən bu cür müəllimlərin fikrincə, problem onlarla deyil, təhsil sitemindəki boşluqlarla bağdlır. Fikrimizcə, onlar bu məsələdə müəyyən qədər haqlıdırlar. Yəni doğrudan da təhsil sistemində hələ də problemlər qalmaqdadır. Ancaq bu məsələnin bir tərəfidir.
Fikrimizcə, şagirdlərə istənilən səviyyədə təhsil və tərbiyə verilməməsində Təhsil Nazirliyinin yarıtmaz əməlləri, konkret bir sistemə düşə bilməməsi ilə yanaşı, sovet dövrünün təfəkküründən qurtula bilməyən müəllimlər və təhsil işçiləri də günahkardırlar. Onlar nə qədər yaxalarını qırağa çəksələr də, etiraf olunmalıdır ki, şagirdlərin əksəriyyətində milli şüurun (vətənpərvərlik, millətpərvərlik, insanpərəvrlik, islampərvərlik və s.) istənilən səviyyədə formalaşmamasında müəllimlər və təhsil işçiləri də müəyyən rol oynayırlar. Onların dünyagörüşü sovet təfəkkürünə əsaslandığı üçün, yeni nəsildə müstəqillik və millilik ruhunu formalaşdırmaqda çətinlik çəkirlər. Bu yalnız onların bunu istəməmələri ilə bağlı deyildir. Çünki onların arasında bunu istəyənlərin əksəriyyəti belə təfəkkür baxımından yeni nəsillə uğyunlaşa bilmirlər.
Məsələn, sovet təfəkkürlü müəllimlərin İslama baxışı ilə, yeni nəsil müəllimlərin İslama baxışı eyni deyildir. Sovet təfəkküründə təhsil alan müəllimlərin əksəriyyəti istər-istəməz İslama yenə də "rus kommunizmi" məfkurəsindən yanaşırlar. Hətta, onların arasında marksizmi-rus kommunizmini tənqid edib, İslamı müdafiə edənlərin də əksəriyyəti bunda səmimi deyillər. Bu onların danışıqları ilə əməllərinin üst-üstə düşməməsində də, açıq şəkildə hiss olunur.
Başqa misal kimi göstərə bilərik ki, sovet müəllimlərinin və ziyalıların Azərbaycan xalqının tarixi şəxsiyyətləri olan Babəkə, Şah İsmayıl Xətaiyə, Koroğluya, Cavad xana, M.Ə.Rəsulzadəyə, S.Vurğuna, Ə.Hüseynzadəyə, N.Nərimanova münasibəti ilə yeni nəslin onlara baxışlarında xeyli dərəcədə fərqliliklər var. Bu o demək deyil ki, yeni nəsil müəllimləri və ziyalıları hər şeyi doğru qiymətləndirirlər. Əlbəttə, belə bir müddəa ilə çıxış etmək yanlış olardı. Ancaq yeni nəslin şüurunda həmin şəxsiyyətlərə, qəhrəmanlara, ümumiyyətlə tarixi və mədəni abidələrə münasibətdə çatışmazlıq varsa, bunun da əsas günahkarları məhz sovet dövrün müəllimləri və ziyalılarıdır. Çünki onların əksəriyyəti SSRİ dövründə "rus kommunizmi"ni təbliğ edirdilər, müstəqillik olduqdan sonra ona uyğunlaşmaq adı altında dünyagörüşləri ilə uyğun gəlməyən, öz anlamlarında yeni bir şeylər ifadə etməyə çalışdılar. Fikrimizcə, əgər sovet təfəkkürünün daşıyıcıları olan müəllimlərin və alimlərin əksəriyyəti öz sözlərində, yazdıqlarında səmimi deyillərsə, zəmanəyə uyğun hərəkət edirlərsə, o zaman yeni nəsildən hansı mənada böyük ümidlər gözləmək olar.
Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru, dosent
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50