Xəzərdə İran-Azərbaycan qarşıdurması ola bilərmi?
10:53 18-02-2014
CƏMİYYƏT
Xəzərdə İran-Azərbaycan qarşıdurması ola bilərmi?
İran 2001-ci ildə neft kəşfiyyatı aparan Azərbaycan gəmisinə qarşı hərbi güc təhdidi etmişdi
İranla Qərb arasında son aylarda müşahidə edilən ilıqlaşmadan sonra İran Qərbin aparıcı neft şirkətlərinə "yaşıl işıq" yandırıb. İranın neft naziri Bijan Namdar Zəngani bildirib ki, Xəzərdəki milli sularında yerləşən kondensat yataqlarını ancaq yeni texnologiyalar cəlb etməklə işlətmək mümkündür. Çünki bu yataqlar dərin sularda yerləşir və İranın onları işlətmək üçün texnologiyası yoxdur.
Lakin bu da məlumdur ki, Xəzərin hüquqi statusu hələ də müəyyən edilməyib və İranın bu baxımdan necə davranacağı bir sıra suallar doğurur. Belə ki, İran Xəzərin 5 sahilyanı ölkə arasında bərabər bölünməsini tələb edir, yəni özünə 20 faiz pay istəyir. Xəzərin bölgüsünün Rusiya, Azərbaycan və Qazaxıstan tərəfindən qəbul edilmiş digər prinsipinə görə isə hər sahilyanı ölkə öz sahil xəttinin uzunluğuna münasib sektora malik olmalıdır. Bu prinsiplə bölgü aparılanda İrana Xəzərin su səthindən və dibindən 12-14 faiz pay düşür.
Yada salaq ki, İran 2001-ci ildə Xəzərdəki mübahisəli hesab olunan "Araz-Alov" strukturunda kəşfiyyat aparmış Azərbaycan gəmisinə qarşı hərbi güc təhdidi ilə çıxış etmişdi və nəticədə BP şirkəti bu yataqda işləri dayandırmalı olmuşdu. Bu insidentin ardınca İran hərbi təyyarələri Azərbaycanın hava sərhədlərini pozub və Tehran Bakıya digər formada təzyiqlər göstərib. Bu baxımdan İranın xarici şirkətləri Xəzərə dəvət etməsi mübahisəli hesab olunan yataqlarla bağlı Azərbaycanla yeni qarşıdurmaya səbəb ola bilər.
Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şabanın "Unikal"a söylədiyinə görə, "Xəzəryanı ölkələr içərisində iki əsas güc mərkəzi var: Rusiya və İran. Rusiyanın əsas marağı Xəzər dənizinin sağ və sol sahillərini birləşdirəcək istənilən magistral kəmərlərin reallaşmasının qarşısını almaqdır. İranın əsas məqsədi isə Qərblə yaranmış problemlərində Xəzərin statusu məsələsini şişirdib onu siyasi alver predmetinə keçirtməklə özü üçün dividentlər qazanmaqdır. Faktdır ki, Xəzərin İran sektorunda təqribən 8 kəşfiyyat quyusu qalır. Hazırda İran ən dərin quyulardan birini (5 km) qazır və oradan heç nə tapılmayıb. Belə olan halda təbii ki, dənizin bölünməsində İrana 10, yaxud 20 faiz düşməsinin heç bir əhəmiyyəti də yoxdur. Lakin Qərb-İran münasibətləri yumşaldıqdan və aralarında danışıqlar başlandıqdan sonra İran daha da iddialı çıxışlar etməyə başlayıb. Təbii ki, belə bir durumda Qərb dövlətləri Azərbaycana real dəstək verməsələr, İranla ümumi dil tapmaq çox çətin olacaq".
Ekspertin sözlərinə görə, "Qərb neft ehtiyatlarına görə Xəzər hövzəsində İranla Azərbaycan arasında hərbi qarşıdurmanın yaranmasında maraqlı deyil. Lakin bu da məlumdur ki, İran istənilən xırda məsələyə görə Azərbaycana qarşı həmişə aqressiv münasibət nümayiş etdirib. Buna görə də İranın regionda artan iddiaları qarşısında durmaq çox çətin olacaq. Bunu da unutmayaq ki, İran diplomatiyası son iyirmi il ərzində hər hansı regional və yaxud beynəlxalq problemin həllinə münasibətdə ortaq məxrəcə gəlmək kimi praktikanı yadırğayıb. Ona görə də Azərbaycan İranla mümkün qarşıdurma ehtimallarını önləmək üçün Qərb dövlətləri ilə intensiv təmaslara keçməlidir".
Tanınmış politoloq Qabil Hüseynli "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Xəzərin Azərbaycana aid sektorunda zəngin qaz yataqlarının olması çoxdan dünyaya məlumdur. O yataqları hələ sovet dövründə Azərbaycan geoloqları kəşf ediblər. Yəni bu məsələdə İranlıq heç nə yoxdur. Amma İran indi də dünyaya bəyan edir ki, Xəzərdə zəngin neft-qaz yataqları aşkarlayıb. Zənnimcə, İran Azərbaycanı növbəti avantüraya cəlb etmək istəyir və bu avantüranın arxasında isə Rusiya durur".
Politoloqun sözlərinə görə, "İranın həmin yataqları istismar etməyə texnoloji imkanları yoxdur. Buna görə də Qərb şirkətlərini ölkəyə dəvət etməyə məcburdur. Unutmayaq ki, Azərbaycan tərəfdən həmin yataqları bp şirkəti istismar edəcək və onun arxasında Amerika və Böyük Britaniya kimi dünya nəhəngləri durur. Belə bir vəziyyətdə İranın hansısa təşəbbüs göstərməsi perspektivsiz iş olacaq".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00