Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar
10:55 18-02-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 17-də Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olmuşlar.
Son illərdə ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Təsadüfi deyildir ki, beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən olan Azərbaycanda tikilən Olimpiya-İdman komplekslərinin sayı 40-ı ötür. Mövcud idman obyektlərində aparılan yenidənqurma işləri beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır.
Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşır. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasında görülən işlər də xüsusi əhəmiyyətə malikdir. Təməli 2009-cu ilin avqustunda dövlətimizin başçısının iştirakı ilə qoyulan arenada tikinti işləri artıq başa çatmaq üzrədir.
Gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, kompleksin fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılmışdır.
Diqqətə çatdırıldı ki, Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış oldular. Dövlətimizin başçısı və xanımı burada gimnastların məşq prosesini izlədilər. Məşq zalında idmançılar üçün hər cür şərait yaradılmışdır.
Qeyd edək ki, Avropa Gimnastika İttifaqının prezidenti də arenada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlığı quraşdırılmışdır. Həmin avadanlıq Avropa Gimnastika İttifaqının və Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilmişdir. Hazırda burada bədii gimnastika və kişilər arasında idman gimnastikası, batut, akrobatika, tamblinq üzrə yığma komandalar məşq edirlər. Burada, eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi məşqçi kursları keçirilir. Son iki ayda təlim-məşq hazırlığını Türkiyədən, Qazaxıstandan, Latviyadan, Meksikadan və Macarıstandan olan qadın gimnastlar keçmişlər. Kanada, Çexiya, Yunanıstan və Finlandiyadan da qadın gimnastların yaxın zamanlarda Bakıya gəlişi gözlənilir.
Dövlətimizin başçısına və xanımına milli yığmanın forması təqdim olundu.
Sonda xatirə şəkli çəkdirildi.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49