"İşğal"ın əks-sədası
11:04 18-02-2014
CƏMİYYƏT
"İşğal"ın əks-sədası
Qarabağ mövzusunda yazılmış romanın izi ilə
Yazıçı Sevindik Mehmanın "Qələm" nəşriyyatında "Qarabağ trilogiyası" seriyasından "İşğal" adlı romanı dərc olunub. Azərbaycan ədəbiyyatının Qarabağ mövzusunda susqunluğunun dartışıldığı indiiki vaxtda belə bir romanın yazılması təqdirəlayiq olduğundan "Unikal"ın oxucularına həmin əsərin ətrafında qələm adamlarının söhbətini - "dəyirmi massa"sını sizə təqdim edirik.
İbrahim İlyaslı (şair): Bu gün bir araya gəlməyimizdə məqsəd yazıçı S. Mehmanın "İşğal" romanı haqqında bir müzakirə keçirməkdən ibarətdir. Söhbətimizdə şair-publisist Qafqaz Əvəzoğlu, şair Xan Rəsuloğlu, həmçinin əsərin müəllifi Sevindik Mehman iştirak edir. Əvvəlcədən deyim ki, S. Mehmanın haqqında danışmaq istəyimiz "İşğal" romanı trilogiyadır, "Qələm" nəşriyyatı tərəfindən "Qarabağ trilogiyası" adlı bir seriya ilə çap edilibdir. Romanın artıq iki kitabı geniş oxucu kütləsinə təqdim edilib və indiyə qədər müəyyən oxucu dairəsinin diqqətini cəlb edə bilib, müəllifin dəvət edildiyi ayrı-ayrı görüşlərdə əsər bu və ya digər şəkildə müzakirə olunub.
Q. Əvəzoğlu: Belə məlum olur ki, S. Mehman bu hadisələri lap əvvəldən yazmağa başlayıb, özündə qeydlər aparıb. "İşğal"ı oxuyanda bu açıqca hiss olunur. Fürsətdən istifadə edərək, bu əsəri kitab halında ərsəyə gətirmiş "Qələm" nəşriyyatına, o nəşriyyatın rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Mənim fikrimcə, bu əsərin ən üstün cəhəti faktlara, müharibə faktlarına bağlılığıdır. Qarabağ müharibəsindən bəhs edən digər əsərlər ki var, onların heç birində belə faktlar yoxdur. Bundan əlavə, müharibədə iştirak etməsi, müəyyən döyüş yolu keçməsi müəllifə imkan verib ki, döyüş səhnələrini reallığa uyğun şəkildə qələmə alsın.
İ. İlyaslı: Təbii ki, romanın bu cür maraqlı alınmasında müəllifin müharibədə iştirakı, hadisələri müşahidə etməsi, prosesləri öyrənməsi az rol oynamayıb. Ancaq hər müşahidəçinin və hər müharibə iştirakçısının bu cür əsər yazması təsadüfdən ola bilməz. İstərdim ki, diqqəti romanın bədii cəhətlərinə yönəldək.
Q. Əvəzoğlu: Bizim ədəbi birliyin aylıq qəzeti çıxır, "Sözün sehri". S. Mehmanın bayaq dediyim cəbhə gündəliklərinin xeyli hissəsi o qəzetdə çap edildi. O yazıları oxuyan çox adam, dəfələrlə məndən soruşub ki, bu S. Mehman kimdir axı? O yazılar oxucularda əməlli-başlı maraq oyatmışdı. Təkcə birini deyim, general Bərşadlı, bilirsiniz ki, Azərbaycanın müasir hərb tarixində kifayət qədər tanınmış bir simadı, vaxtı ilə müdafiə naziri olub, onun məhz generallara məxsus jestləri "İşğal"da elə gözəl və elə çalarlarla verilib ki, sadə oxucu onun necə bir şəxsiyyət olduğunu çox asanlıqla qavraya bilir. Bir sözlə, mən çox yüksək qiymətləndirirəm bu əsəri.
X. Rəsuloğlu: Mən mövqeyimi üç tərəfdən bildirmək istəyirəm: oxucu kimi, kitabçı kimi və yazar kimi. Kitabçı kimi onu deyim ki, kitab çox nəfis şəkildə tərtib edilib, Azərbaycan kitabçılıq sənətinin uğuru sayılacaq bir səviyyədədi. Bayaq romanın geniş oxucu kütləsi tərəfindən necə qarşılandığı barədə söhbət oldu, bununla əlaqədar bu yaxınlarda rastlaşdığım maraqlı bir faktı demək istəyirəm. "Akademikkitab" mağazasına getmişdim, mağazanın müdiri Hacı Əlağa ilə satış salonunda söhbət edirdik, bu dəmdə bir cavan oğlan bizə yaxınlaşıb: "Bağışlayın,-dedi,-sizdə "İşğal" romanının üçüncü hissəsi var?" Həmin oxucu ilə söhbət edərkən, Qarabağ məsələsi ilə bağlı ilk baxışda cəmiyyətdə hiss edilən susqunluğa romanın necə təsir etdiyini gördüm. Bu, çox böyük uğur deməkdir. Mən hesab edirəm ki, kitabın reklamına, təbliğinə çox ciddi yanaşılmalıdır.
İ. İlyaslı: Məlumat üçün deyim ki, nəşriyyat bu sahədə az işlər görməyib, kitabın reklam və təbliğindən ötrü xeyli əmək sərf edilib. Merto stansiyalarında, marşurut avtobuslarının reklam üçün nəzərdə tutulmuş yerlərində xüsusi lövhələr asdırılıb, bundan əlavə, roman haqqında internet səhifələrində xeyli məlumatlar yerləşdirilibdir.
X. Rəsuloğlu: Mən birbaşa romandakı motivlərə istinad etmək istərdim. Baxın, birinci kitabın üz qabığında oxuyuruq: "Şuşada qalan partizanlar haqqında ilk roman". İkinci kitabın üz qabıında isə digər müharibə faktları haqqında məlumatlar verilib, "Daşaltı əməliyyatının sirləri", yaxud "Qarabağın ermənilər tərəfindən işğal edilməsində rus "kqb"sinin rolu" kimi başlıqların yer alması heç də təsadüfi deyil. Əslində, bunlar sadəcə başlıqlar deyil, çox ciddi faktların konturlarıdır. Axı necə oldu ki, yalnız bir kəndi ermənilərdən təmizləmək üçün həyata keçirilən əmliyyatda bu qədər itki verildi, orda hansı hərbi təxribatlar törədildi, kimlər törətdi, satqınçılıq edən kimlər idi və sair. Bu yığcam parçalarda müharibə gedə-gedə ölkədə araverməyən daxili çəkişmələr, Rusiyanın Azərbaycana təzyiqləri, MDB məkanında gedən dikər proseslər, onların yozum və təhlilləri verilir. Bunların fonunda Qarabağ müharibəsinin gedişindəki geriləmələr, məğlubiyyətlər, onların səbəbləri açılır. Personajların simasında dostluq və mərdliyin, igidliyin qiymətləndirilməsi, ən çətin sınaqlar qarşısında əyilməmək, ölüm qorxusuna üstün gəlmək hünəri heyrət doğuracaq bir ustalıqla işlənmişdir. Bayaq Qafqaz Əvəzoğlu "İşğal" romanının bu dərəcədə təsirli olduğunun müəllifin vaxtı ilə müharibədə iştirak etdiyindən, dəqiq müşahidələr apardığından dolayı olduğunu vurğuladı, bu fikirlə yalnız müəyyən dərəcə razılaşmaq olar, ümumiyyətlə isə, məsələnin tamamilə bu şəkildə olduğunu düşünmürəm. axı hər müharibə iştirakçısı bu cür bədii təsirə malik əsər yaza bilməz, burda, birinci və əsas sözü istedad deyir.
İ. İlyaslı: Söhbətimizin lap əvvəlində "İşğal" romanının geniş oxucu kütləsi tərəfindən necə qəbul edildiyindən danışdıq, əsərin təbliğ edilməsindəki problemlərdən söz açdıq, bir çox maraqlı fikirlər səsləndi. Məsələ ondadır ki, bu problemin bir səbəbi də müəllifin özü ilə bağlıdır, bu adam o cür roman yazıb, amma tanınmaq istəmir, tanınmağa can atmır. Təsəvvür edin ki, bu adam hələ də AYB-nin üzvü deyil, bədii əsərlərin ən çox müzakirə və təbliğ oluna biləcəyi virtual aləmdə görünmür. İnternet istifadəçisi olmamağı bu məsələdə onun üçün xeyli əngəl törədir.
S. Mehman: Mən müharibə mövzusunun hələ uşaqlıqdan aludəçisi idim. Yəqin ki, qiraətə, kitab oxumağa o vaxtkı marağım, həvəsim ən çox elə bununla bağlı olubdur. Yəqin ki, "İşğal"ın yazılmasında bunun da rolu az olmayıb. Ancaq mən bir fikrə münasibət bildirmək istəyirəm. Burda belə bir fikir səsləndi ki, bu romanın yazılmasında başlıca şərt müharibədə iştirak etməyim olub, yaxud mənim cəbhə gündəliklərim, ordakı müəyyən qeydlər əsərin yazılmasına birbaşa təsir edib. Bu, əlbəttə, tam olaraq belə deyil. Açıq deyirəm, romanda təsvir edilən hadisələrin, demək olar ki, heç birinin iştirakçısı olmamışam, sadəcə hadisələrin gedişini uzaqdan-uzağa da olsa izləyə bilmişəm, onları yaddaşıma köçürmüşəm, yaddaşım o romanın yazılmasında baza rolunu oynayıb, qalan şeylər müharibəyə aid ümumi təfsilatlardı. Müharibə iştirakçısı olmağım isə, bir sıra motivlərin, ələlxüsus da döyüş səhnələrinin reallığa uyğun şəkildə qələmə alınmasına kömək edib. Ümumiyyətlə, mən bu romanı yazmağa hazırlaşanda, özlüyümdə bir sıra şərtlər müəyyən etmişdim, onlardan biri müasir oxucunun maraq və istəyinin nəzərə alınmasıydı. Daramatik məcra, kəsgin süjet, hadisələrin inkişaf xətti, obrazların müxtəlifliyi bir yana, müasir oxucu həm də informasiya acıdır, bədii əsər səhifələrində belə informasiya axtarır. Romandakı xüsusi, daha doğrusu, kursivlə verilmiş parçalar bilavasitə buna hesablanıb, o parçalarda Qarabağ hadisələri, o cümlədən də müharibənin gedişi ilə bağlı müəyyən tarixi faktlar, izah və yozumlar yer alır...
Qarabağ müharibəsi kimi ağır bir sınaq yaşamış, ərazisinin bir hissəsi işğal edilmiş bir ölkənin ədəbiyyatında o hadisələrə hiss olunacaq marağın göstərilməməsi, daha doğrusu, az maraq göstərilməsi fikrimcə normal deyil. Mən demirəm ki, bir roman yazmaqla o boşluğu doldurmaq xəyalında olmuşam, qətiyyən... Bu mövzuya müraciət edən yazıçılar var, bunu inkar eləmək olmaz, bəzilərini oxumuşam da, ancaq o əsərlərin əksəriyyəti, bayaq qeyd edildiyi kimi, sırf müəllif təxəyyülünün məhsuludur. Mən düşünürəm ki, bədii əsərlərdə belə müharibə tarixinə dair motivlərin bu və ya digər şəkildə yer alması vacibdir, həm də söhbət təkcə sırf müharibə tarixindən getmir, söhbət oxucuya bir çox tarixi hadisələr, o cümlədən müharibənin gedişinə dair bəzi informasiyalar əldə etmək imkanı verilməsindən gedir.
Q. Əvəzoğlu: Bu barədə biz söhbət eləmişik...
S. Mehman: Mən onları demirəm. O danışdıqlarımız sadə məsələlərdi, oxucu yanaşmasıdı. Mən professional yanaşmanı nəzərdə tuturam. Misalçün, personajların çoxluğu, obrazların müxtəlifliyi... digər məsələlər... Orda bir xətt var, həm sovet dövründə, həm də ondan sonrakı dövrdə "kqb" dediyimiz orqanın, o cümlədən hərbi əks-kəşfiyyatın törətdiyi əməllərlə bağlı motivlərdən məlum olur ki, Azərbaycandakı orqanlar Moskvanın yerli şöbələri olub, tapşırıqları şaquli şəkildə ordan alırdılar, həmçinin agentura şəbəkəsi də birbaşa Moskvanın tabeçiliyindəydi. Bunun nəticəsiydi ki, müstəqilliyin ilk illərində ölkə təlatüm içində idi, hey çalxalanırdı. Sözsüz, müharibənin gedişindəki geriləmələrin, uğursuzluqların səbəblərindən biriydi bu...
İ. İlyaslı: Romandakı qəhrəmanlar, obrazlar haqqında...
S. Mehman. Bayaq onlardan biri haqqında, general Bərşadlı haqqında fikir səsləndi. Onun, təkcə bədii obraz kimi xarakterizə edilməsi yanlış olar. Məncə, gerçək bir sima olaraq yanaşılmalıdır ona. Açığını deyim ki, o, mənim xüsusi simpatiyam olan bir şəxsdir. Bir neçə milyonluq sovet ordusunda yüz seçmə generaldan biri olub Valeh Bərşadlı. İşgüzarlığına, praqmatikliyinə görə həmişə diqqətdə saxlanılıb, əlbəttə, onu sevməyənlər, gözü götürməyənlər də az olmayıb.
İ. İlyaslı: Bəs o biriləri? Məsələn, Daşdəmirov, Əli İsayev... Əgər sirr deyilsə, sizinçün o obrazların hansı daha əzizdir?
S. Mehman: Mənimçün hamısı əzizdi. Bu baxımdan obrazın birini o birisi ilə müqayisə etməyə çətinlik çəkərəm.
İ. İlyaslı: Orda başqa obrazlar da var. Məsələn, o qızın - Zoyanın obrazı. Belə bir adam gerçəkdən olubmu?
S. Mehman: Olub... Düzdür, o adam indi həyatda yoxdur, amma mən çalışacağam ki, onu "öldürməyim". O qızın prototipi Sumqayıt şəhərində yaşayıb.
X. Rəsuloğlu: Özünüz o obrazların hansısınız? Yəni o obrazların hansında daha çox varsız?
S. Mehman: Tam olaraq mən onların heç birində yoxam. Ancaq məndən onların hərəsində bir az var.
İ.İlyaslı: Mən yenə qayıdıram Zoya ilə bağlı motivə. Onun kəşfiyyata getməyi, yaralanması, onun düşüncələri, daxili aləmi çox uğurlu şəkildə qələmə alınıb. Yəqin üçüncü hissədə də belə məqamlarla rastlaşacağıq?
X. Rəsuloğlu: Bəs üçüncü hissə tezmi çıxar?
S. Mehman: Bu il, yaza qədər çıxmalıdır...
Q. Əvəzoğlu: Üçüncü hissə çıxdıqdan sonra, mənim fikrim var ki, əsərin geniş bir müzakirsini keçirək...
İ. İlyaslı: Çox yaxşı olar. Biz çalışmalıyıq ki, S. Mehmanın "İşğal" romanı öz layiq olduğu stasusu alsın... Bu günkü söhbətimizdə əsərin üstün cəhətlərindən danışdıq. Oxucunu diqqətini nə cəlb edə bilər? Əsərin oxunaqlığı, burda bu var, müəllifin, arxa planda da olsa mövqeyi, bu da var, ancaq istənilən halda, oxucunun yadında qalan obrazlardı, hadisələrdi, oxucunun diqqətini ilk növbədə bunlar cəlb edir...
X. Rəsuloğlu: Orda mənim xüsusilə xoşuma gələn, müharibənin gedişindəki geriləmələrin səbəblərini açıb göstərən motivlərdi, o məsələlər çox incəliklə çözülür...
Q. Əvəzoğlu. Mən üzümü oxuculara tutaraq demək istəyirəm: bu kitabı mütləq oxuyun. İnanın ki, siz bundan çox şey əldə edəcəksiniz...
Hazırladı: Azad
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:37:56
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16