Dostoyevski Göbbelsi "rəşadətə necə ilhamlandırırmış"?
12:27 22-02-2014
CƏMİYYƏT
Dostoyevski Göbbelsi "rəşadətə necə ilhamlandırırmış"?
Nasist canisi də dünya ədəbiyyatının ən nəhənglərindən birini
Yozef Göbbels 20-ci əsrdə bəşəriyyətə qarşı ən ağır cinayətləri törətmiş nasist rejimin rəhbərlərindən idi. Almaniyanın təbliğat naziri olan Göbbels həm də ən qatı antisemitlərdən idi.
Bu məqalədə onun dünyagörüşünün formalaşmasında hansı kitabların rol oynadığı araşdırılır. Amma əlbəttə ki, nasist liderin marağı həmin müəllifləri qaralamaq üçün əsas ola bilməz.
…1923-25-ci illərdə Yozef Göbbels Dostoyevski yaradıcılığını hərtərəfli araşdırmağa xeyli vaxt sərf edir.
Rus yazarın əsərlərindəki "şeytani güc və millətçilik hissləri" sonradan nasist dövlətin naziri olacaq Göbbelsi necə vəcdə gətirirsə, o, əxz etdiyi bu bilgilərdən ömrünün axırına qədər faydalanır.
Həmin illərdə Göbbels Rusiyaya və ruslara dərin heyranlıq duyur, bu xalqın yeni bir dünya quracağına hər hansı şübhə bəsləmir.
1920-30-cu illər Almaniyasında aparıcı siyasi hərəkatlar sayılan sol millətçilər və nasional-bolşeviklər öz ideyalarının əksəriyyətini bolşevik Rusiyasından əxz etmişdilər.
"Yeni rus dünyası"na duyulan rəğbət Hitlerin sonralar qurduğu partiyanın rəhbərliyinə də təsirsiz ötüşməmişdi.
Məsələn, Hitlerin ən yaxın silahdaşı sayılan Göbbels SSRİ-yə qarşı müharibə başlanana qədər dönməz rusofil olmaqla yanaşı, rus mədəniyyətinin və rusların dünyanı dəyişmək cəhdlərinə hədsiz heyran idi.
Göbbelsin şəxsiyyətinin formalaşmasına Dostoyevskinin yaradıcılığı böyük təsir göstərmişdir. Sergey Allenovun "Politiya" jurnalının 2013-cü il üçün 2-ci sayında nəşr olunan "Gənc Yozef Göbbelsin siyasi dünyagörüşünün formalaşmasında Rusiyanın rolu" adlı məqaləsində Göbbelsin rus yazıçısının ideyalarını necə mənimsədiyi aşağıdakı sözlərlə açıqlanır: "Gənc Göbbelsin şəxsi qeydlərinin araşdırılması göstərir ki, özünün təbliğat xarakterli ilk əsərlərində oxucularına bəyan etdiyi kimi, onu nasizmə gətirən yol heç də əvvəlcədən seçilməyibmiş və deyildiyi qədər də hamar olmayıb".
Ətrafındakı dünyanın dərkində cavan Göbbels üçün açar rolunu isə onun Dostoyevskinin "Əcinnələr" romanından seçdiyi sitat oynayıb.
Bu sitatı o, 1921-ci ildə yazdığı dissertasiyanın giriş bölümünə qoymuşdu: "Xalqların həyatında həmişə - istər indi, istərsə əsrlər öncə - idrak və elm ikinci dərəcəli, sırf xidməti xarakter daşıyıbdır və bu durum əsrlər boyu beləcə davam edəcəkdir. Xalqları formalaşdıran və hərəkətə gətirən, onları buyruqçu və ağayana qılan qüvvə isə başqadır, onun nədən yarandığı həm naməlumdur, həm də izaholunmaz".
Göbbelsin dissertasiyası alman romantizminin unudulmuş nümayəndələrindən birinə həsr olunmuşdu.
Yuxarıdakı sitatın onun elmi araşdırmasına hər hansı dəxli yox idi və onu hansısa elmi işə epiqraf kimi seçmək ümumiyyətlə ağlasığmazdır, çünki roman personajlarından Şatovun monoloqundakı bu fikirlərdə rus xalqının mənəvi cəhətdən Tanrı ideyalarını daşımaq üçün seçildiyinə işarət var.
Göbbels isə əmin idi ki, rus klassikinin dediyi "sirrli qüvvə" həm romantizm çağının, həm də indiki dövrün alman cəmiyyəti üçün eynilə keçərlidir.
Göbbelsin xatirələrində tələbəlik dövründə onun maddi sıxıntılar çəkdiyinə, məhrumiyyətlərə qatlaşdığına dair qeydlər var.
Hətta yetərincə qısa bir müddətdə universitet təhsilini tamamlayıb, 1921-ci ilin noyabrında heç bir çətinlik çəkmədən dissertasiya müdafiə edəndən sonra da o, maddi ehtiyaclarının zərrəcə azalmadığını vurğulayır.
Nə universitet diplomu, nə də fəxr etdiyi elmi dərəcə ona könülrahatlığı bəxş eləmir, Göbbels maddi vəziyyətini heç cür yaxşılaşdıra bilmir.
Dissertasiyadan az sonra bu fəlsəfə doktoru xoşbəxtlik axtarışları üçün dostlarıyla birlikdə Hindistana getməyi planlasa da, bunlar baş tutmur və o, doğma şəhəri Reydtdə təsadüfi işlərlə özünə çörəkpulu qazanır.
İxtisası üzrə iş tapmaq cəhdləri isə yerli mətbuatda beş-on ədəbi şərhlə və özəl dərslər verməklə məhdudlaşır. Bütün bunlardan sonra o, qət edir ki, "yaxşı pul qazana bilmək" üçün özünə "layiqli iş yeri" tapmalıdır.
Belə bir yer, onun zənninə görə, Drezden Bankının Köln şöbəsi ola bilərdi və 1923-cü ilin əvvəllərində o, burada işə düzəlir. "İyrənirəm buradan… Zəhlətökən həftələr. Cüzi maaş… Buradan mütləq qurtulmalıyam… Bank işi məni cana yığıb… Çarəsizəm. İntihar fikirləri…"
Bütün bunlar Göbbelsin həmin işdən aldığı təəssüratların heç də hamısı deyildir. Özüylə bacara bilmədiyi üçün o, avqust ayında götürdüyü məzuniyyəti rəfiqəsi ilə dənizdə keçirir.
İstirahət bitəndən sonra isə özünü xəstəliyə vurur və bu üzdən bankdakı işindən qovulmasına səbəb yaradır. 25 yaşlı fəlsəfə doktoru nə bir qazanc yeri, nə də ev tapa bilmədiyindən təkrar atasının himayəsinə sığınmalı olur.
Özünün də etiraf elədiyi kimi, yenidən qapıldığı depressiyanı susdurmaq üçün günlərcə sürən əyyaşlığa başlayır və oturub-durub öz-özünə təlqin eləyir ki, daha bu işgəncələrə qatlaşa bilməyəcək. Atasının himayəsində yaşayan bu cavanın qəzetlərə, nəşriyyatlara və teatrlara göndərdiyi şeirlərin və dramların heç birinin çap olunmaması isə onun durumunu daha da ağırlaşdırırır.
1923-cü ildə ölkədə yaranan vəziyyəti "dəlilik dönəmi" adlandıraraq, o, tutduğu mövqeyi tam açıq şəkildə belə ifadə eləmişdi: "Mən - alman kommunistiyəm".
Gənc ədəbiyyatşünasın özünə sığınacaq yeri saydığı "paralel dünya"da isə ən önəmli yeri, əvvəlki kimi, qiraət tuturdu. 1923-cü ilin noyabrında o, A.Strindberqin və H.Hessenin kitablarını, az sonra isə N.V.Qoqolun "Ölü canlar"ını oxumaqla vaxt keçirirdi.
Bu poemanın birinci hissəsini bitirəndə o, Qoqolu Dostoyevskinin "mənəvi atası" adlandırmış və hər iki yazarın "köklü rus" olduqlarını bir kompliment kimi işlətmişdi.
Xatirələri və gündəliyindəki qeydləri göstərir ki, o, Dostoyevskinin yaradıcılığıyla 1919-cu ildə, həm də "Cinayət və cəza" romanı ilə tanış olmağa başlayır. 1920-ci ili də Göbbels bədii əsərlərin qiraətinə həsr edir. 1923-cü ildə oxuyub bitirdiyi "İdiot" romanı isə onda "çox dərin təəssürat" buraxır.
Ondan sonrakı dövrdə Göbbels həmin əsərləri dönə-dönə oxuyub. 1924-cü və 1925-ci illərin əvvəllərində, yəni taleyində və dünyagörüşündə ciddi dəyişikliklərin gözlənildiyi dönəmdə o, yazarın külliyyatı ilə tanışlığını daha da intensivləşdirir. Halbuki həmin dəyişikliklər onu ədəbiyyat dünyasından qoparıb, siyasət meydanına girməyə hazırlayırdı.
1924-cü ilin fevralında gənc qiraət həvəskarı yazırdı: "Dostoyevskinin "Əcinnələr"i. Son üç ildə bu kitaba əl vurmasam da, ona duyduğum maraq əsla soyumayıb".
Bir il sonra o, "Alçaldılmış və təhqir olunmuşlar" əsərini oxumağa başlayır: "Dünən bütün gecəni və bu gün axşama qədər onu oxumuşam". Daha sonra o, "Karamazov qardaşları" romanına müraciət edir: "Bunu neçənci kərə oxuyuram? Hər şeyi dalbadal oxuyuram".
(ardı gələn çərşənbəgünki "Qələmdan"da)
Çevirdi: Azad Yaşar
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33