Dostoyevski Göbbelsi "rəşadətə necə ilhamlandırırmış"?
10:57 26-02-2014
CƏMİYYƏT
Dostoyevski Göbbelsi "rəşadətə necə ilhamlandırırmış"?
Nasist canisi də dünya ədəbiyyatının ən nəhənglərindən birini oxuyurdu
(əvvəli ötən şənbəgünki
"Qələmdan"da)
Göbbelsin həyatında Dostoyevski yaradıcılığının əhəmiyyətini anlamaq üçün onun gündəliyindəki digər və bəzən daha xırda detallar da köməyimizə yetişir. Məsələn, 26 yaşını sevgilisi və bir dostuyla qeyd edərkən, o, " Dostoyevskinin "İdiot" romanı konteksində İsa və xristianlıq barədə" fikirlər yürüdübmüş.
Bir başqa qadın tanışının ad günündə isə Göbbels qonaqlarla birlikdə sözügedən romandan parçaları uca səslə oxuyubmuş.
Bir qədər sonra, Berlinin qaulyayteri (Alman Millətçi-Sosial Fəhlə Partiyasının (NSDAP) bəlli bir ərazi (seçki dairəsi) üzrə ən yüksək vəzifəli şəxsi - A.Y.) seçilən Göbbels gərgin təbliğat səfərindən evə dönərkən aşağıdakı qeydləri edib: "İndicə qapıdan içəri girdim, Elzanın göndərdiyi çiçəklər və anamın hədiyyəsi olan Dostoyevskinin kitabı artıq masamın üstündədir. Ad günüm imiş! Tamamilə unutmuşdum bunu…"
Dünyagörüşlərinə və istedadlarına maraq duyduğu digər yazıçılar barədə Göbbelsin tənqidi qeydləri də yetərincə maraqlıdır, lakin o, bu və ya digər səbəblər üzündən onların hamısını Dostoyevskidən aşağı tutur.
Bunların arasında "canlara dəyən oğlan və böyük şair" Knut Hamsun, "zəif və incə ruhlu" Avqust Strindberq, "yaşamaqda olan alman dramaturqlarının ən böyüyü Georq Kayzer var idi. G.Hauptmanın "İpəyatmaz Emanuel Kvint" romanını isə Göbbels dini-əxlaqi əhəmiyyətinə görə "almanca yazılmış hələlik ən yaxşı kitab" kimi dəyərləndirmişdi.
Lakin Dostoyevskinin "İdiot"u ilə müqayisədə o, sözügedən kitabı "son dərəcə zəif" sayırdı.
Maks Ştirnerin "Bir dənə" adlı əsəri barədə isə Göbbels çox sərt hökm çıxartmış, Dostoyevskinin əsərləri sayəsində özünün dərk etdiyi "xristianlıq ideyası"nın ruhundan "yerli-dibli xəbərsiz" müəllifi tənqid atəşinə tutmuşdu.
Dostoyevskini dahi epik yazar, Şekspiri dramaturgiya dühası, Göteni isə Avropa ədəbiyyatının misilsiz lirik şairi elan edən Göbbels Şillerə hər hansı titul verməmişdi. Onu "son dərəcə dəbdən düşmüş", "tam məişət səviyyəli", "patetikaya hədsiz düşkün"lükdə suçlayan Göbbels Şilleri "söz sənətinin diletantı", "bədii incəliklərdən uzaq", "haqqında susmağın uyğun olduğu şeylər barədə dil-dil ötən biri" sayırdı.
Bu sonuncu qınağı gələcəyin nasist naziri "gəvəzəlik edən" bütün alman yazarlara aid edirdi, çünki Dostoyevskidən fərqli olaraq, onlar öz əsərlərində "baş aldadan əhvalatları" təsvir edirdilər, "ruh və məna" axtaran "oxucu fantaziyasına" heç bir imkan tanımırdılar.
Göteyə gəldikdə isə, Göbbels onu, Dostoyevski ilə birlikdə, "insanın təyinatındakı (missiyasındakı) ən yüksək zirvə"yə qoyurdu. Gündəliklərindəki bir qeyddə isə eyhamla bildirirdi ki, əgər o vaxt bu iki düha arasında bir seçim edəcək olsaydı, üstünlüyü rus klassikinə verərdi.
Bir kərə Dostoyevskinin portretini süzərkən, "həm cinayətkar, həm də peyğəmbəri xatırladan" bu adamın "əzabkeş", "qırışlarla dolu" və "kəsik-küsük" simasına baxıb, onu "tanrıların sevimlisi" sayılan Götenin yaraşıqlı və nəcib, bir sənət əsərinə bənzəyən sifətiylə müqayisə eləmişdi.
Dostoyevskinin romanlarıyla ilk tanışlıq dövründəki xatirələrində Göbbels bu əsərlərin onun beynində doğurduğu "sarsıntılardan", "daxili təlatümlərdən" və "inqilabdan" söz açır.
Sonrakı dönəmə aid gündəliklərindəki qeydlər göstərir ki, sözügedən kitablar ona ikinci, bəzən isə üçüncü dəfə oxunanda da təsir göstərirmişlər. Bu mətnlərin onda doğurduğu gərgin reaksiyanın sübutu kimi Göbbelsin: "Onları oxuyarkən ruhum tarazlıqdan çıxırdı, ağlayırdım və oxuduqlarımın ağırlığı gecələr yuxularıma haram qatırdı" kimi etiraflarından da bəlli olur.
Bütün bunlarla yanaşı, Dostoyevskinin yaradıcılığı isterik xislətli Göbbelsin real yaşantılarını daha da gücləndirən katalizator və bir növ psixoterapiya rolunu oynayırdı: "Dostoyevskinin mətnləri insanı çarəsizliyə sürükləyir. Onu oxuyarkən mən çılğın bir dəliliyə qapılıram. Bununla yanaşı, o, insanı elə ümidli, elə inamlı, elə güclü, elə nəcib və elə təmiz edir ki!" Bu fikri Göbbels 1924-cü ilin qışında, növbəti depressiyaya qapıldığı zaman gündəliyinə yazıbmış. Bir il sonra ona əziyyət verən çarəsizlik qızğın siyasi fəallıqla əvəzlənir və Göbbels qısa zamanda NSDAP-ın (Alman Millətçi-Sosial Fəhlə Partiyasının - A.Y.) ən üst rəhbərliyində təmsil olunur.
Rus klassikinin əsərlərinin qiraəti zamanı gündəliyinə yazdığı qeydlərdən məlum olur ki, o, nisbətən fərqli bir əhvala və reallığa köklənmək üçün yollar axtarır. Məsələn, "Alçaldılmışlar və təhqir olunmuşlar" əsərini təkrar-təkrar oxuyan bu nasist "qiraətin ona istirahət bəxş etdiyini" vurğulayır. İki gün sonra kitabı bitirəndə isə yazır: "Ona ayırdığım saatlar əsl bayram idi! İçimə çökən bütün qəm-qüssə dağılıb, getdi! Yenidən tərtəmiz oldum!"
(ardı gələn çərşənbəgünki
"Qələmdan"da)
Çevirdi: Azad Yaşar
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49