Xocalı soyqırımının beynəlxalq cinayət olması öz təsdiqini tapmaqdadır
11:22 27-02-2014
CƏMİYYƏT
Xocalı soyqırımının beynəlxalq cinayət olması öz təsdiqini tapmaqdadır
Bəşəriyyət əleyhinə cinayət törədənlər isə Ermənistanı idarə edirlər
Azərbaycan xalqı 20-ci əsrin insanlığa qarşı ən dəhşətli cinayəti hesab olunan Xocalı soyqırımının 22-ci ildönümünü qeyd edir. Əslində Xocalı qırğını 100 ildən artıq yaşı olan məkrli siyasətin davamı idi. Azərbaycanlılara qarşı soyqırım aktı törətməkdən ötrü daim fürsət axtarışında olan ermənilər nəhayət 1992-ci il fevralın 25-dən 26-na keçən gecə öz havadarlarının köməkliyi ilə Xocalı qətliamını həyata keçirdilər.
Baxmayaraq ki, son bir əsrdə ermənilər tərəfindən iki milyona yaxın azərbaycanlı və türk qətlə yetirilib, ancaq Xocalı qətliamı öz miqyasına görə ən dəhşətli hadisə idi. Xatırladaq ki, o vaxt Xocalıda 7 min yerli sakinlə yanaşı Fərqanə türklərinin 54 ailəsi də məskunlaşmışdı. Ermənistan belə qətliamlar törətməklə Azərbaycan xalqını qorxutmaq və mübarizə əzmini qırmaq niyyəti güdürdü. Elə bu səbəbdən Xocalı şəhəri hər tərəfdən mühasirəyə alınmışdı. Xocalı ilə mülki vertolyot və radio qovşağı vasitəsilə əlaqə yaratmaq mümkün idi. Ermənilər tərəfindən 47 azərbaycanlının olduğu vertolyotun vurulması ilə şəhərlə hava əlaqəsi kəsilmiş oldu. Üstəlik ən müasir texnika ilə silahlanmış erməni muzdurları dinc sakinlərin mühasirədən çıxmaması üçün bütün lazımi tədbirləri görmüşdü. Erməni hərbi birləşmələri və Sovet ordusunun 366-cı alayının iştirakı ilə şəhər bir neçə saatın içində məhv edildi. Xocalı sakinləri ağlasılmaz təhqir və zülmə məruz qaldı. Xilas olmağa çalışan insanlara pusquda duran ermənilər işgəncə verdlər.
İnsanlara verilən işgəncələrin miqyası o dərəcədə dəhşətli idi ki, artıq Xocalı faciəsi Azərbaycan üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilib. Qeyd edək ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatı 20-ci əsrin sonlarında Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilərək sonrakı proseslərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerli sakinlərə -azərbaycanlılara qarşı soyqırım cinayətləri ilə müşayiət olunub. Bu soyqırım cinayətlərinin tərkib hissələrindən biri də Xocalı faciəsidir ki, indiyə qədər bəşəriyyət əleyhinə olan bu cinayət beynəlxalq səviyyədə hüquqi qiymətini ala bilməyib. Çünki ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində ərazimizin 20 faizinin itirilməsi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından zorla çıxarılması, minlərlə insanın öz həyatını itirməsi, uşaq, qoca və qadınların, ümumiyyətlə müharibəyə aidiyyatı olmayan dinc sakinlərin ən müxtəlif formalarda erməni terroru və zorakılığının qurbanına çevrilməsi faktını nə ermənilər, nə də beynəlxalq ictimaiyyət qəbul etmək istəmir. Ancaq danılmaz faktdır ki, Dağlıq Qarabağ müharibəsində ermənilər bütün beynəlxalq hüquq normaları, eləcə də müharibə qanunlarının ziddinə olaraq insanlığa və bəşəriyyətə qarşı cinayətlərə əl atıblar.
Bəşəriyyət əleyhinə olan bu cinayətlər həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq hüquqda soyqırım hadisəsi kimi hüquqi şərhini tapıb. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində soyqırım milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, onların sağlamlığına, əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlüklə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə başa düşülür. Beləliklə, soyqırımın hüquqi aspektdə izahı bu kimi cinayətlərin ictimai təhlükəliliyi hər hansı milli, etnik, irqi və dini qrupun bütövlükdə və ya qismən məhv edilməsi təhlükəsinin yaranması, habelə həmin qrupların tarixi, mədəni, mənəvi dəyərlərinin yer üzündən silinib getməsi ilə xarakterizə olunur. İstər sülh, istərsə də müharibə şəraitində mülki əhaliyə qarşı geniş miqyaslı sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq, sülh və bəşəriyyət əleyhinə olan cinayət hesab olunur və bu cinayət “əhalini məhv etmə” adlanır.
Beynəlxalq hüquqa görə, soyqırım əməli yalnız milli, etnik, irqi və dini qruplara qarşı yönəldilir və hər hansı konkret məkan və coğrafi ərazi ilə əlaqələndirilə bilməz. Ona görə, ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri qətliamlar bütövlükdə azərbaycanlılara qarşı soyqırım kimi qiymətləndirilməli, Xocalı da daxil olmaqla ayrı-ayrı yaşayış məntəqələrində baş verən qətliamlar isə onun tərkib hissəsi kimi göstərilməlidir. Çünki, ermənilərin mülki əhaliyə qarşı yönəlmiş belə cinayətlərinin niyyəti azərbaycanlıları bir millət kimi məhv etmək olub. Bu bir faktdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırım Ermənistan dövləti və hökuməti tərəfindən bilavasitə dəstəklənib və bu dövlətin müxtəlif strukturları tərəfindən təşkil edilib. Konkret olaraq, Qarabağın dağlıq və aran hissəsində dinc əhalini məhvə məruz qoyan silahlı qruplaşmaların əksəriyyəti məhz Ermənistan Respublikasının tabeçiliyində olub.
Soyqırım əməllərinə bəraət qazandıranlar isə Ermənistan hökumətində təmsil olunanlar, dövlət başçıları və parlamentdir. Deməli, ermənilər tərəfindən azərbaycanlıların soyqırımına yönəlmiş cinayət əməllərinin bilavasitə təşkilatçısı, təhrikçisi və iştirakçısı Ermənistanın dövlət strukturları olub. Onun bildirdiyinə görə, ermənilərin əlində konkret hüquqi faktlar olmadığından və iddia etdikləri “erməni soyqırımı” BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyaya uyğun gəlmədiyindən onlar soyqırım cinayətləri ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət etmək fikrindən vaz keçiblər. Ona görə də bütün güclərini yalançı “erməni soyqırımı”nın ayrı-ayrı dövlətlərin parlamentlərində tanınmasına yönəldiblər. Lakin parlamentlərdə soyqırımı faktının tanınması heç bir hüquqi nəticəyə malik deyil. Soyqırımın beynəlxalq cinayət kimi tanınması üçün xüsusi niyyətin olması zəruri faktor sayılır. Məhz soyqırımı cinayəti bu obyektiv cəhətinə görə, oxşar beynəlxalq cinayətlərdən fərqlənir. Soyqırımı cinayətini təşkil edən əməllərdən biri öz xarakterinə görə şüurlu, bilərəkdən və diktə edilən əməllərdir. Bu əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Bu məsələdə cinayətkarın fikrinin xüsusi istiqaməti və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyətin olması sübut olunmalıdır. Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin odlu silahlarla gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.
Nəzərə almaq lazımdır ki, soyqırım cinayəti azərbaycanlı milli qrupuna qarşı yönəlməsidir ki, bunun üçün də tutarlı hüquq əsaslar mövcuddur. Belə ki, sözügedən Konvensiaya uyğun olaraq demək mümkündür ki, baş verən cinayətlər tanınan azərbaycanlı milli qrupa qarşı yönəlib, bu qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti olub. Onu da qeyd edək ki, Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınması üçün kifayət qədər beynəlxalq hüquqi sənəd mövcuddur. Bunlar BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvesiyaya, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizanaməsi və Beynəlxalq Cinayət Məhkəməsinin Statutundan ibarətdi. Məhz bu sənədlərin müddəalarına əsasən ermənilər tərəfindən Xocalı əhalisi olan azərbacanlılara qarşı törədilmiş bütün əməllər soyqırımı kimi qiymətləndirilə, beynəlxalq hüquq prinsiplərinə əsasən bəşəriyyətə qarşı cinayət hesab oluna bilər. Daha dəqiq, mütəşəkkil şəkildə həyata keçirilən siyasətin nəticəsidir ki, dünya ölkələri Azərbaycan həqiqətlərini qəbul etmək zorundadır.
Məlumat üçün qeyd edək ki, artıq dünyanın 12-dən artıq ölkəsinin parlamenti, eləcə də ABŞ-ın 20 ştatı Xocalı faciəsini qətliam kimi qiymətləndirib. Bu isə deməyə əsas verir ki, artıq Xocalı soyqırımının beynəlxalq cinayət olması öz təsdiqini tapmaqdadır.
Alim
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22