Azərbaycanlılar nikah müqaviləsi haqda nə bilir?
11:24 27-02-2014
CƏMİYYƏT
Azərbaycanlılar nikah müqaviləsi haqda nə bilir?
Ekspert: “Nikah müqaviləsi haqqında nəinki danışmaq, hətta düşünmək belə heç kimin ağlına gəlmir”
Hər gün kütləvi informasiya vasitələrindən onlarla qadının hüququnun pozulduğu xəbərini eşidirik. Gəlin yaşadığı ünvanda qeydiyyata salınmır. Bəzilərinin el adəti ilə gəlin köçməsinə baxmayaraq heç rəsmi nikahı da yoxdur. Ata evinə qayıdarkən doğmalarından ögey münasibət görür... Depressiyaya düşür, intihara cəhd göstərir! Boşanmış qadınlar körpələri qucaqlarında “Adam içində”, “Ümid Var” kimi verilişlərdə həyat hekayələrini danışıb insanlardan kömək istəyirlər...
Bəs nə etməli? Problemin kökündən həll olmasına necə nail olmalı? Əlbəttə ki nikah müqaviləsi bağlamaqla. Gəlin görək bizim cəmiyyətdə nigah müqaviləsinə münasibət necədir?
Ailə psixoloqu Tünzalə Verdiyeva tərəflərin toy ərəfəsində hər sahədə razılığa gəldiklərini, əksər hallarda yalnız nikah müqaviləsi bağlamaqda qız evinin oğlan evi ilə bir qərara gələ bilmədiklərini deyir: “Tərəflər toy ərəfəsində hər bir sahədə razılığa gəlirlər, hətta bəylə gəlin toyda rəqs etmək üçün bir ay müəllim yanına da gedirlər. Amma nikah müqaviləsi haqqında nəinki danışmaq, hətta düşünmək belə heç kimin ağlına gəlmir. Bunu ayıb hesab edirlər. Bir-birinə inamsızlıq kimi qiymətləndirirlər. Hətta gəlin desə ki, nikah müqaviləsi imzalayaq, bəy “nə danışırsan, eşidən olar! Ayıb deyilmi?” deyərək gəlinin sözünü qəribçiliyə salır. Böyüklər isə “Heç kim boşanmaq üçün evlənmir, ay bala” deyərək belə halların bizim xarakterimizə, milli mentalitetimizə uyğun olmadığını bildirirlər. Belə şeylər avropalılara xasdır.
“Ümumiyyətlə gəlin nikah müqaviləsinin əsas özəlliyinin nədən ibarət olduğunu çatdıraq. Nikah müqaviləsi nədir?” sualına ekspert belə cavab verib: “Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsində tərəflərin bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər”.
Onun sözlərinə görə, nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini məhdudlaşdıra bilməz. Bu o deməkdir ki, ər-arvad bir-birlərinin əmək fəaliyyətini seçməyə, təhsil almasına, ixtisas seçməsini qadağan edə, yaxud onu məhdudlaşdıra bilməz. Nikah müqaviləsi tərəflərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Məsələn, ər arvadına gələcəkdə ona qarşı aliment tələbi ilə məhkəməyə iddia verməsinə, yaxud birgə əmlakın bölünməsinə dair iddia qaldırmasına qadağa qoya bilməz. Eyni zamanda müqavilədə tərəflərin məhkəməyə müraciət etmək hüququndan imtina etməsinə dair müddəalar da nəzərdə tutula bilməz. Nikah müqaviləsində ər-arvadın qeyri-əmlak hüquq və vəzifələri müəyyənləşdirilə bilməz. Bu müqavilədə yalnız əmlak xarakterli müddəalar göstərilə bilər. Bu o deməkdir ki, nikah müqaviləsi ilə tərəflər bir-birini sevməyə, hörmət etməyə, ailə sədaqətini saxlamağa, spirtli içkilərdən istifadə etməməyə məcbur edilə bilməz. Lakin qeyri-əmlak xarakterli halların yaranmasından asılı olaraq ər-arvadın əmlak xarakterli hüquq və vəzifələri müəyyənləşdirilə bilər. Məsələn, tərəflərdən birinin qeyri-etik hərəkəti nəticəsində digər tərəfə pul kompensasiyasının verilməsi nikah müqaviləsində nəzərdə tutula bilər.
“Nikah müqaviləsi ilə ər-arvadın övladla bağlı hüquq və vəzifələri necə müəyyənləşir” sualına cavab olaraq ekspert deyib ki, nikah müqaviləsi ilə ər-arvad uşaqlarla bağlı hüquq və vəzifələrini müəyyənləşdirə bilməz: “Məsələn, ər-arvad müqavilədə boşanma zamanı uşaqların atanın yaxud ananın yanında qalmasını və ya valideynlərin uşaqla görüş qaydalarını nəzərdə tuta bilməz. Lakin buna baxmayaraq ər-arvad nikah müqaviləsində uşaqların saxlanmasında və təhsil almasında xərcləri müəyyən edə bilər. Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz. Lakin nikah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verilərsə, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir. Əgər evlənən cütlüklər nikah müqaviləsinə imza atsalar, qadınlar arzuolunmaz vəziyyətlərdən sığortalanarlar!”
Aliyə
Digər Xəbərlər
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03