Müsavat AXCP-yə dostluq əli uzatdı, qəbul olunmadı
09:53 10-07-2014
CƏMİYYƏT
Müsavat AXCP-yə dostluq əli uzatdı, qəbul olunmadı
Sonuncu prezident seçkilərindən sonra münasibətlərində gərginlik yaranan Müsavat Partiyası ilə AXCP arasındakı soyuq müharibə deyəsən, yüzillik müharibəyə çevrilir.
Müsavat Partiyası müəyyən qədər loyallıq nümayiş etdirsə də, qarşı tərəfdən təpki ilə qarşılaşıb. Bu isə tərəflər arasında qarşıdurmanın daha da dərinləşməsinə səbəb olacaq. "Müsavat Partiyasının demokratiya uğrunda mübarizə aparan heç bir partiya ilə problemləri yoxdur. Əməkdaşlıq və müttəfiqlik elə məsələlərdir ki, bu yöndə "heç vaxt" anlayışını işlədə bilmərik". Bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı təmsil etdiyi partiyanın AXCP ilə əməkdaşlıq perspektivini şərh edərkən deyib. O bildirib ki, Müsavat Partiyası demokratiya uğrunda mübarizə aparan hər bir siyasi təşkilatla müttəfiqliyə hazırdırlar. "AXCP ilə əməkdaşlıq məsələləri də istisna deyil. Funksional əməkdaşlıq baxımından bizim heç bir demokratik qurumla problemlərimiz olmayıb", - deyə A. Hacılı bildirib.
Qeyd edək ki, Milli Şura 2013-cü ilə prezident seçkisində məğlub olduqdan sonra Müsavat Partiyası qurumu tərk edib. Bundan sonra isə AXCP Müsavat haqqında ittihamlar səsləndirməyə başladı və partiya funksionerləri söz davasına çıxıblar. Lakin bir müddət keçdikdən sonra tərəflər arasında gərginliyə son qoyulub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib ki, əməkdaşlıqdan söhbət gedə bilməz. Onun sözlərinə görə, Müsavat Partiyası ilə aramızda fikir ayrılığı var. Ona görə də bizim Müsavat Partiyası ilə əməkdaşlığımız mümkün deyil. O bildirib ki, AXCP ilə Müsavat Partiyası arasında sonuncu fikir ayrılığı Milli Şurada təmsilçilik zamanı olub: "Onlarla bu hakimiyyətə, ümumiyyətlə, Milli Şuraya qarşı baxışlarda fərqlilik yarandı. Son nəticədə isə Milli Şuradan ayrıldılar. Ona görə də digər məsələlərdə Müsavatla hər hansı əməkdaşlıqdan söhbət gedə biməz".
Buna baxmayaraq, H. Kərimov ümummilli və Dağlıq Qarabağ problemlərinin müzakirəsində AXCP-nin bütün siyasi qüvəllərlə, partiyalarla əməkdaşlıq etməyə hazır olduğunu da qeyd edib.
Hər iki partiyanın mövqeyini "Unikal"a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Müsavat da, AXCP də yalnız şəxsi maraqlarını güdürlər. Onun sözlərinə görə, Əli Kərimli ilə İsa Qəmbər maraqlarını təmin etmək üçün ən yaxın adamlarını belə satarlar: "Mən illərdir deyirəm ki, bu adamlara etibar yoxdur. Hər seçki ərəfəsində bir araya gəlirlər, camaata birləşmişik mesajını verirlər. Bir qrup adamı aldadıb arxalarıyca aparırlar, axırda da hərəsi öz sahiblərinin əmri ilə geri çəkilirlər. Ötən il birləşin əmri verənlər, seçkidən sonra bir-birini söyməyi sifariş verəndən sonra AXCP ilə Müsavat düşmən oldular. Amma görünür, Müsavatın yiyələri AXCP ilə dil tapmağı tələb edir. Ona görə də Arif Hacılı yumşaq dillə əməkdaşlıq təklifi irəli sürür. Amma göründüyü kimi, AXCP Əli Kərimlinin xislətindən irəli gələn cığallıq edir".
MMP sədri onu da deyib ki, AXCP ilə Müsavatın nə zamansa səmimi birlik yaratması mümkün deyil. Onun fikrincə, nə qədər ki, İsa Qəmbərlə Əli Kərimli var, radikal müxalifətdə səmimi münasibətlər sistemi formalaşa bilməz: "Bu adamların bir-birinə patoloji nifrəti var. Bu yanaşma bütün partiya üzvlərinə də sirayət edib. Onlar ağız-ağıza yatan canavar kimidirlər, imkan olsa,bir-birlərini didərlər. Ona görə də nə vaxtsa bir araya gəlmələri, əməkdaşlıq etmələri mümkün deyil. Əgər nə vaxtsa bir araya gələrlərsə, o zaman bilin ki, yenə də hansısa bir xarici dövlətin sifarişi ilə bir yerdədirlər və milli maraqlarımıza zidd plan cızırlar".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04