Müxalifət niyə parçalanır?
11:38 07-05-2015
CƏMİYYƏT
Müxalifət niyə parçalanır?
Belə davam edərsə Müsavat və AXCP siyasi səhnədən gedəcək
Son bir il ərzində gözlənilmədən ənənəvi müxalifət partiyaları olan AXCP ilə Müsavatda ciddi parçalanmalar başladı.Demək olar ki, 20 il müxalifətdə olan aparıcı simalar bir anın içində bu partiyalardan istefa verdilər və bu istefalar müxalifəti demək olar ki, sıradan çıxartdı. Maraqlıdır,nədən AXCP ilə Müsavatda bu cür ciddi istefalar baş verir?
Bununla bağlı "Unikal"a açıqlama verən, uzun müddət müxalifət düşərgəsində ciddi mövqeyə sahib olan yazar Rəfail Becanov bildirdi ki, bu parçalanmanın ilk episentri Xalq Cəbhəsi olub:" 2000-ci ildə Əbülfəz Elçibəyin dünyasını dəyişməsi ilə ilk parçalanma prosesi AXCP-də başladı və nəticədə iki Xalq Cəbhəsi Partiyası yarandı. Daha sonra isə hər iki partiya bir neçə dəfə parçalandı və 3-cü, 4-cü, 5-ci partiyalar meydana gəldi. Bunun səbəbi siyasi proseslərə yanaşma fərqi və bu fərqi uzlaşdıra bilən liderin olmaması idi. Elçibəy bütün siyasi gücləri eyni müstəvidə birləşdirə bilirdi. Çünki onun üçün milli maraqlar, dövlətin var olma prinsipi, ideya və ideologiya əsas idi. Elçibəydən sonra bu missiyanı həyata keçirən olmadı. Hər bir siyasi şəxs özünü lider gördü, öz partiyasını daha güclü saydı. Siyasi partiyası olmaq, siyasi partiya sədri olmaq hakimiyyət ehtirasına çevrildi. Parçalanma prosesi 2003-cü ildən sonra sürətləndi. Müxalifətin hər iki namizədinin - İsa Qəmbər və Etibar Məmmədovun seçkiləri uduzması parçalanma dairəsini böyütdü. Siyasi gündəmə parçalanmış və zəifləmiş AXCP-dən sonra parçalanmış, əsas fiqurları siyasi meydandan çəkilən AMİP gəldi. Müsavat müxtəlif gedişlərlə və vədlərlə bu təlatümdən özünü qoruya bilirdi. İndisə növbə onundur. Artıq demək olar ki, Müsavat da parçalanıb. Meydanda AXCP-dən, AMİP-dən güclü olmayan bir Müsavat var.
Bu parçalanmanı labüd edən səbəblər isə çox ciddidir. Əgər sən 22 il ərzində partiya üzvlərinə, tərəfdarlarına verdiyin vədləri yerinə yetirə bilmirsənsə parçalanma gözləniləndir. 22 il insanları müxalifətdə saxlamaq mümkün deyil. Nəsil dəyişir, dünyagörüşlər dəyişir, reallıqlar daha aydın görünür, mübarizənin imitasiyasını üzvlər dərk edir. Belə olan halda niyə də parçalanma olmamalıdır? Nə qədər müxalifətdə oturub, partiya liderlərinin deputat mandatı qazanması üçün çalışmaq olar? Digər tərəfdən əgər məqsəd müstəqil, demokratik Azərbaycan qurmaq idisə, indi o var. Digər tərəfdən müxalifətin parçalanmasına iqtidarın güclü olması da təsir edir. Güclü iqtidar olanda müxalifət zəif olur. Daha bir səbəb isə müxalifət liderlərinin Elçibəydən sonra öz tərəfdarlarına yeni nəsə verə bilməmələridir. Yəni ideoloji cəhətdən üzvlərə nəsə verə bilmədilər. Əksinə, Elçibəydən qalanları da dağıtdılar. Ona görə də müxalifətin parçalanması gözlənilən idi"."Müsavat Partiyasına nə əqidə, nə ideya baxımdan inam qalıb. Onlar tam deqradasiyaya uğrayıblar". Bunu isə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Müsavat, ümumilikdə digər müxalifət partiyaları da fəaliyyətləri dövründə cəmiyyət üçün maraqlı olan hər hansı bir ideya ortaya qoymadığı üçün zəifləyiblər:
"Azərbaycan iqtidarı və hökuməti xalqın problemlərinin həll olunması, ölkənin iqtisadi inkişafı, ölkədə ictimai-siyasi sabitliyin yaranması, sosial problemlərin həll olunması, abadlıq və quruculuq işlərinin aparılması, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə məşğul olur. Demək olar ki, ortaya çıxan problemlər operativ şəkildə həll olunur. Bu səbəbdən cəmiyyətin digər bir qüvvəyə ehtiyacı qalmır. Təbii ki, o baxımdan da partiyaların fəaliyyəti getdikcə zəifləməlidir.
Müsavat daxilində islahatlar aparılmayıb, partiyada daxili demokratiya yoxdur, söz, fikir azadlığına qarşı isə çox kəskin mövqe bildirilir. Hətta üzvlər partiya sıralarından xaric olunur. Eyni zamanda, partiyada saxta seçkilər keçirilir. Bunun nəticəsi olaraq da həmin partiyanın üzvləri bəyanatlar verib istefa edirlər. Rayon təşkilatları isə bütövlükdə istefa verib partiya sıralarında çıxırlar. Artıq Müsavat Partiyasına nə əqidə, nə ideya baxımdan inam qalıb. Onlar tam deqradasiyaya uğrayıblar. Belə ki, partiya rəhbərliyində struktur dəyişikliyi, kadrların hazırlanması, seçkilərdə iştirak, onların önə çəkilməsi əvəzinə, əksinə onları qanuna zidd hərəkətlərə yönəldirlər. Köhnədən qalan insanların düşünəsi elə köhnədir".
Siyavuş Novruzovun fikrincə, süni şəkildə müxalifət yaratmaq olmaz:
"Azərbaycan cəmiyyətində hökumət ilə müsbət ünsiyyətdə olan kifayət qədər müxalif partiyalar var. Hazırda parlamentdə təmsil olunan həmin partiyalar müxtəlif fikirləri, rəyləri, obyektiv tənqidləri, o cümlədən alternativ layihələr irəli sürürlər. Bunun əsasında da müzakirələr aparılır. Görüşdə iştirak etməyən partiyaların perspektivi yoxdur. Hətta həmin partiyaların özlərini belə görüşdə görmək istəməyən kifayət qədər partiyalar var.
İqtidarla ünsiyyətdə olan partiyalar özlərinin əhatəsində kifayət qədər sosial baza toplaya biliblər. Amma digər partiyalar 20-30 ildən qalmış eyni işlər görürlər, eyni fəaliyyət formasında hərəkət edirlər. Ona görə də partiyada heç kim üzvlükdə qalmır. Ən əsası isə gənclər partiyada heç bir perspektiv görmədikləri, onlara meydan verilmədiyi üçün ora üz tutmurlar. Həmin partiyalar gəncləri, ancaq kütləvi aksiyalara, polisə qarşı, vətəndaşların əmlaklarına qarşı zorakılığa səsləyirlər. Nəticə etibarı ilə də gənclər törətdikləri cinayətlərə görə cəza çəkməyə məhkum olurlar. O baxımdan da gənclər görürlər ki, partiyada heç bir perspektiv mövqe yoxdur".
Toğrulı Əliyev
Digər Xəbərlər
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43