Əli Kərimli partiya daxilindəki rəqiblərinə "torba tikir"
09:30 08-05-2015
CƏMİYYƏT
Əli Kərimli partiya daxilindəki rəqiblərinə "torba tikir"
AXCP-də ara qarışır, ciddi qarşıdurmanın yaranması silsilə istefalara yol açır
Müsavatdakı partiyadaxili gərginlik və qruplararası savaş AXCP-yə sirayət edib. Artıq Əli Kərimli ilə partiya daxilindəki rəqibləri arasındakı mübarizə açıq müstəviyə keçib.
Xatırladaq ki, bir müddət əvvəl AXCP-də qurultayöncəsi narazılıqların baş qaldıracağı ilə bağlı məlumat vermişdik. O zaman AXCP sədri Əli Kərimlinin partiya daxilindəki rəqiblərini zərərsizləşdirmək üçün yeni planlar cızdığını da qeyd etmişdik.Ancaq deyəsən, Əli Kərimli çox gözləyə bilməyib, niyyətini qısa müddətdə həyata keçirmək qərarına gəlib.
"Unikal"ın xəbərinə görə, yaxın günlərdə qurumdan iki nüfuzlu şəxsin qovulacağı barədə xəbərlər yayılıb. Bu şəxslər AXCP Nərimanov şöbəsinin təşkilatı məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu və AXCP Gənclər Komitəsinin gənclər üzrə sədr müavini Dəyanət Babayevdir. Mətbuata ötürülən məlumatda qeyd edilib ki, A.Tanrıverdioğlu və D.Babayev son zamanlarda sosial şəbəkələrdə partiya rəhbərliyini açıq şəkildə tənqid etdiklərinə görə çıxarılacaqlar.Artıq AXCP rəhbərliyinin səbr kasası dolub. Dəfələrlə bu şəxslər barədə rayon şöbəsinin sədrinə məlumat verilib. Hətta mənbə onu da qeyd edib ki, partiya rəhbərliyi çıxarılacaq şəxslərin BAXCP sədri Qüdrət Həsənquliyev və bir müddət öncə Əli Kərimlinin müavinlikdən azad etdiyi Razi Nurullayevdən pul aldıqlarını iddia edir. Bu ittihamı əsas götürüb, qeyd etdiyimiz şəxslərə qapı göstəriləcəyi deyilir. Onların partiyadan çıxarılacağı gün də məlumatda göstərilib. Belə ki, həmin şəxslərin mayın 8-də saat 19:30-da keçiriləcək Nərimanov rayon şöbəsinin Məclisinin toplantısında çıxarılacağı bildirilib.Rayon rəhbərliyinə bu barədə tapşırıq verilib.Adlarını çəkdiyimiz partiya üzvləri Məclisin toplantısına çağırılıb.Məclisdə indiyə qədər iki dəfə yetərsay olmadığına görə, A.Tanrıverdioğlu və Dəyanət Babayevin çıxarılması məsələsi ləngiyib. Mənbə əslində bu şəxslərin iki ay öncədən qovulmasının planlaşdırıldığını söyləyib. Mənbə onu da qeyd etdi ki, rayon şöbəsinin rəhbərliyi həmin şəxslərin çıxarılacağını etiraf edib və tapşırığın yuxarıdan gəldiyini təsdiqləyib.
Məlumatda o da bildirilib ki, A.Tanrıverdioğlu mübarizəsinə və fəallığına görə, AXCP sədri Əli Kərimli tərəfindən dəfələrlə mükafatlandırılıb. Dəyanət Babayev isə, hazırda üzərində 2.5 yarım şərti cəzası olan gənc fəaldır. Mənbə Ağaşirin Tanrıverdioğlunun AXCP rəhbərliyinin "qara siyahı"sına düşməsinə səbəb olan facebookda yazdığı statusu da göstərib: "Hər kəs içindən gələni, fikrindən keçəni cəmiyyətə açıq sözlə deyə bilmirsə, gizli qapılar arxasında gedən söhbətlər cəmiyyətə heç bir dəyişiklik gətirməyəcək. 25 ildir ki, eyni saqqızı çeynəyənlər Azərbaycan gəncliyinin taleyi ilə oynamasınlar. İrəli gənclik! Meydan sizindir!".
Mənbə iddia edib ki, rəhbərliyin əleyhinə olan, AXCP ilə münasibətləri olmayan şəxslərlə əlaqələri olan bütün fəallar hədəfə götürülüb. Məlumatda A.Tanrıverdioğlunun "qara siyahı"ya düşməyinə səbəb olan amillərdən biri kimi, onun gəncləri dəstəkləməsi, rəhbərlikdə onların təmsilçiliyə yer verilməsi ilə bağlı fikirləridir. Mənbə bildirdi ki, Əli Kərimlinin qanunlarına tabe olmayan bütün şəxslər partiyadan çıxarılacaq.
Qeyd edək ki, "Yeni Müsavat"ın 28 noyabr 2014-cü il tarixli sayında "AXCP-dəki həbslərin şok pərdəarxası" başlıqlı yazı getmişdi. Həbs olunanların partiya daxilindəki qrup savaşlarının qurbanları olduğu göstərilmişdi. Mənbə bu yazıdakı faktları təsdiqləyərək, hazırda AXCP-dən çıxarılacaq şəxslərin narazı qrupa yaxın olduqlarını bildirib.
"Unikal"ın məlumatına görə, sözügedən şəxslər son günlər Əli Kərimlinin siyasətinə qarşı çıxan fəallardandır. Partiyanın yaxın müddətdə keçirilməsi nəzərdə tutulan qurultayında səs-küy yarada biləcək əsas adamlardan olan bu iki nəfərin zərərsizləşdirilməsi ciddi məsələdir. Ona görə də AXCP sədri Əli Kərimli indidən rəqiblərini zərərsizləşdirməyə qərar verib. Yəni, o da Arif Hacılının yolunu gedərək özünə problem yarada biləcək şəxsləri partiya sıralarından xaric edir. Sözsüz ki, bu qərar əks effekt verəcək və AXCP-də böyük qarşıdurma yaranacaq, ardınca isə silsilə istefalar başlayacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51