Seçkiqabağı deputatlar niyə əl-ayağa düşüblər?

Seçkiqabağı deputatlar niyə əl-ayağa düşüblər?

Milli Məclisin bəzi üzvləri beş illiyin sonunda ayılıb seçicilərə pənah aparırlar

Qarşıdan gələn 2015-ci il parlament seçkilərinə hazırlıq zəif olsa da, növbəti seçkidə iştirak etmək istəyənlər hərəkətə keçiblər. Xüsusən də hazırda mandat sahibi olan bəzi deputatlar aktivləşiblər.
"Unikal"ın məlumatına görə, artıq bir sıra deputatlar seçicilərlə görüşlərə başlayıblar. Ara-sıra seçicilərin görüşünə gedən deputatlar isə bu cür təmasları intensivləşdiriblər.
Belə ki, Qubadan deputat seçilən Vahid Əhmədov rayonda növbəti dəfə seçiciləri ilə görüşüb. Görüşə gələn seçicilərin çoxsaylı suallarını cavablandıran millət vəkili görülən işlər və növbəti parlament seçkilərinə qədər qalan müddətdə planlaşdırdığı məsələlər barəsində məlumat verib. Vahid Əhmədov 2015-ci ildə keçiriləcək parlament seçkilərində də deputatlığa namizədliyini irəli sürəcəyini qeyd edib. Sonra seçicilərini təkbətək qəbul edən seçicilər deputata yardımların olunması, mənzil təmiri üçün inşaat materiallarının ayrılması, işə düzəlmə, ünvanlı yardımların təyini və bu kimi bir sıra digər məsələlərlə bağlı müraciət ediblər. Vahid Əhmədovun görüş ərəfəsində növbəti dəfə namizəd olmasını dilə gətirməsi onun seçicilərlə görüşünün əsas məqsədinin yenidən mandat almaq istəyi olduğunu ortaya qoydu.
Bu günlərdə Səbail rayonu 29 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb."Doğrudur, F.Muradov da ara-sıra seçicilərlə görüşür, amma bu il əvvəlki illərlə müqayisədə görüşlərin sayı daha da artıb. Bu da onu göstərir ki, F.Muradov seçki ilində insanların yaddaşında aktiv deputat kimi qalmaq istəyir.
Bu sıraya Hadi Rəcəblini və digərlərini də aid etmək olar. Göründüyü kimi, deputat seçiləndən bəri sonuncu ildə, yəni, seçkiyə az müddət qalmış aktivləşən millət vəkillərinin niyyətləri bəlli oldu. Bu cür niyyətlə seçkiyə gedən namizədlərə seçicinin münasibəti necə olacaq, onu zaman göstərəcək.
Z.MƏMMƏDLİ